PDF Oxu

Siyasət

  • 1 592

ABŞ-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq müstəvisində

image

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki dövlət arasında münasibətlərin inkişaf tarixində xüsusi yer tutur. Dövlətimizin başçısının mətbuata verdiyi geniş bəyanat, aparılan müzakirələrin məzmunu və imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın göstərir ki, münasibətlər artıq yalnız diplomatik təmaslarla məhdudlaşmır, sistemli, institusional və uzunmüddətli strateji əməkdaşlıq modelinə çevrilir. Bu səfər qarşılıqlı etimadın, siyasi iradənin və ortaq maraqların real nəticələrə çevrildiyini nümayiş etdirərək yeni mərhələnin başlanğıcını təsdiqləyib.

Ötən il avqustun 8-də Ağ Evdə ABŞ rəhbərliyinin iştirakı ilə keçirilən görüş regionun siyasi tarixində mühüm dönüş nöqtəsi kimi yadda qalıb. Həmin görüş zamanı Ermənistan və Azərbaycan sülh sazişini paraflayaraq uzun illər davam edən qarşıdurmanın aradan qaldırılması istiqamətində real və hüquqi əsaslı addım atıblar, eyni zamanda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Sülh haqqında Birgə Bəyannamə imzalanıb. Bu sənədlər qarşılıqlı etimadın bərpasına, sərhədlərin toxunulmazlığının tanınmasına, sabitliyin möhkəmlənməsinə və bölgədə əməkdaşlıq mühitinin formalaşmasına xidmət edən yeni mərhələnin başlanğıcını olaraq, Qafqazda davamlı sülhün təmin olunması üçün mühüm siyasi zəmin yaradıb.
Prezident İlham Əliyev bəyanatında Tramp–Vens administrasiyasının nümayiş etdirdiyi müsbət münasibətə görə dərin minnətdarlığını ifadə edərək vurğulayıb. Bu münasibət qısa müddət ərzində konkret layihələrə və real siyasi qərarlara çevrilib. Son altı ay ərzində heyətlərin apardığı intensiv danışıqlar, işçi qruplarının fəaliyyəti və sənədlərin hazırlanması sübut edir ki, tərəflər münasibətləri formal çərçivədən çıxararaq strateji səviyyəyə qaldırmaqda qətiyyətlidirlər.
İmzalanmış Xartiya bu siyasi iradənin hüquqi təsbitidir. Sənəddə bir-birinin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəyin bir daha vurğulanması münasibətlərin əsasını təşkil edən fundamental prinsiplərin dəyişməzliyini göstərir. Bu faktor həm də regional sabitliyin qorunması baxımından mühüm təminatdır.
Azərbaycan Prezidentinin çıxışında qeyd olunan istiqamətlərindən biri regionda yaranmış yeni siyasi mühit və sülh prosesinin nəticələri ilə bağlı idi. ABŞ rəhbərliyinin vasitəçiliyi və konstruktiv mövqeyi sayəsində sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması bölgədə gərginliyin azalmasına, qarşıdurmanın əməkdaşlıqla əvəz olunmasına şərait yaradıb.
Artıq aylardır davam edən sabitlik mühiti tərəflərə iqtisadi və humanitar layihələrə başlamaq, ticarət əlaqələrini bərpa etmək və gələcəyə daha nikbin baxmaq imkanı verib. Dövlətimizin başçısının “Biz sülh içində yaşamağı öyrənirik” fikri həmin mərhələnin yalnız siyasi sənədlərlə deyil, real həyatla təsdiqləndiyini göstərir. Bu prosesdə ABŞ-ın dəstəyi xüsusi dəyərləndirilir və tərəfdaşlığın praktiki nəticələr doğurduğunu sübut edir.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları Trans-Xəzər Nəqliyyat Dəhlizini əsas platforma kimi qəbul edərək quru, dəniz və hava nəqliyyat infrastrukturunun modernləşdirilməsi, enerji və data xətlərinin genişləndirilməsi, ticarət və tranzitin sadələşdirilməsi, gömrük prosedurlarının təkmilləşdirilməsi və beynəlxalq multimodal logistika imkanlarının artırılması istiqamətində birgə fəaliyyət göstərmək niyyətini ortaya qoyurlar. Bu yanaşma regionu qlobal ticarət marşrutlarının mühüm halqasına çevirərək iqtisadi fəallığı artırmağa xidmət edir. Eyni zamanda Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq TRIPP layihəsinin əsas hissə ilə Naxçıvan arasında maneəsiz hərəkəti təmin edən, eləcə də Asiya ilə Avropanı birləşdirən etibarlı tranzit xətti kimi əhəmiyyəti xüsusi vurğulanır ki, bu da bütövlükdə bölgənin beynəlxalq ticarət və daşımalar potensialının tam reallaşmasına geniş imkanlar yaradır.
Yüklərin və malların daşınması üçün yaradılan şərait, məhdudiyyətlərin aradan qaldırılması və tranzit imkanlarının genişlənməsi regionu qlobal ticarət şəbəkəsinin mühüm qovşaqlarından birinə çevirir. Bu isə yalnız iqtisadi gəlir demək deyil, həm də uzunmüddətli sabitlik və qarşılıqlı asılılıq mühitinin yaranması deməkdir. Belə layihələr sülhün möhkəmlənməsinə xidmət edən ən effektiv vasitələrdən hesab olunur.
Enerji sahəsi ənənəvi olaraq əməkdaşlığın aparıcı istiqamətlərindən biri olub və bu mövqe getdikcə daha da güclənir. Bu gün ixrac edilən təbii qaz bir çox dövlətin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu fakt tərəfdaşlığın yalnız regional deyil, qlobal əhəmiyyət kəsb etdiyini göstərir. Xartiyada neft, qaz və elektrik enerjisi sahəsində birgə layihələrin genişləndirilməsi, interkonnektorların yaradılması, təchizat marşrutlarının şaxələndirilməsi, eləcə də mülki nüvə əməkdaşlığının dərinləşdirilməsi kimi məsələlərin əks olunması tərəflərin enerji təhlükəsizliyinə strateji baxışını ortaya qoyur. Bu əməkdaşlıq bazarlarda sabitliyin qorunmasına və uzunmüddətli enerji təminatına xidmət edir.
Sənədin mühüm bölməsi iqtisadi inkişaf, sərmayə axını və yüksək texnologiyalarla bağlıdır. Tərəflər biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun fəal iştirakı və qarşılıqlı investisiyaların artırılması üçün yeni mexanizmlər yaratmaq niyyətini ortaya qoyublar. Bu amil iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf baxımından böyük əhəmiyyət daşıyır.
Xüsusilə süni intellekt, data mərkəzləri, rəqəmsal infrastruktur, innovasiya platformaları və tədqiqat proqramları kimi sahələrdə əməkdaşlıq gələcəyin iqtisadi modelini formalaşdırır. Aparıcı Amerika şirkətləri ilə birgə layihələr bilik və texnologiya transferini sürətləndirir, yeni iş yerləri yaradır və rəqabətqabiliyyətliliyi artırır. Bu yanaşma iqtisadiyyatın ənənəvi sektorlarla yanaşı, yüksək texnologiyalar üzərində qurulmasına imkan verir.
Strateji tərəfdaşlığın digər mühüm istiqaməti təhlükəsizlik və müdafiə əməkdaşlığıdır. Antiterror fəaliyyəti, kibertəhlükəsizlik, müdafiə sənayesi məhsullarının satışı, mühüm infrastrukturun qorunması və humanitar minatəmizləmə kimi sahələr üzrə birgə iş regionda risklərin azaldılmasına xidmət edir. Bu əməkdaşlıq təkcə iki dövlətin maraqlarına deyil, ümumilikdə beynəlxalq və regional təhlükəsizliyə töhfə verir. Birgə fəaliyyət mexanizmləri təhlükəsizlik sahəsində qarşılıqlı etimadı gücləndirir və yeni çağırışlara çevik reaksiya verməyə şərait yaradır.
Bütün bu amillər göstərir ki, Vitse-prezident Vensin səfəri sadəcə diplomatik hadisə deyil, strateji mahiyyət daşıyan tarixi mərhələdir. İmzalanmış Xartiya münasibətləri sistemli çərçivəyə salır, konkret yol xəritələri müəyyən edir və gələcək əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradır. Beləliklə, siyasi dialoq, sülh təşəbbüsləri, enerji təhlükəsizliyi, tranzit imkanları, yüksək texnologiyalar və müdafiə sahəsində genişlənən tərəfdaşlıq iki dövlət arasında əlaqələrin daha dərin, çoxşaxəli və dayanıqlı xarakter aldığını göstərir. Bu səfər qarşıdakı illərdə əməkdaşlığın daha da genişlənəcəyinə və regionda sabitliklə rifahın möhkəmlənəcəyinə ciddi əsas yaradır.

Heydər Əsədov
Milli Məclisin deputatı

Digər xəbərlər