PDF Oxu

Siyasət

  • 1 058

Azərbaycan ABŞ münasibətləri fonunda əməkdaşlığın gücləndirilməsi - ŞƏRH

image

10 fevral 2026-cı il tarixdə Prezident İlham Əliyev ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin Azərbaycana rəsmi səfəri zamanı qeyd etmişdir ki, səfər ABŞ kimi qlobal güc mərkəzinin vitse-prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin nə qədər dərin və çoxşaxəli olduğunu göstərir. Ölkə başçısı Tramp–Vens administrasiyasının Azərbaycana nümayiş etdirdiyi müsbət münasibəti xüsusi qeyd edərək bunun qarşılıqlı etimad mühitinin formalaşmasında mühüm rol oynadığını bildirdi. O, həmçinin altı ay ərzində aparılan intensiv danışıqların nəticəsi kimi Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanmasını diplomatik əməkdaşlığın zirvə nöqtəsi kimi səciyyələndirdi.

Prezident İlham Əliyev Azərbaycanın ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirərək bildirdi ki, dünyanın ən qüdrətli ölkəsi ilə bu səviyyədə əməkdaşlıq qurmaq ölkəmizin beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin bariz göstəricisidir. Bu kontekstdə Prezident Trampa, Vitse-prezident Vensə və onların komandasına Cənubi Qafqazda sülh prosesinə verdikləri dəstəyə görə təşəkkürünü ifadə etdi. Xüsusilə vurğulandı ki, ötən ilin avqustunda Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması region tarixində dönüş nöqtəsi olub. Prezidentin sözlərinə görə, artıq aylardır regionda sülh mühiti hökm sürür və tərəflər qarşıdurma dövründən əməkdaşlıq mərhələsinə keçidin praktiki nəticələrini hiss edirlər.

Ölkə başçısı çıxışında Tramp–Vens administrasiyasının təşəbbüsü ilə irəli sürülmüş Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsini xüsusi strateji əhəmiyyətli təşəbbüs kimi təqdim etdi. Onun sözlərinə görə, bu layihə yalnız nəqliyyat infrastrukturu deyil, bütövlükdə regionun iqtisadi xəritəsini dəyişəcək geoiqtisadi platformadır. Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirməklə yanaşı, region ölkələrinin ərazisindən keçərək Asiya ilə Avropanı birləşdirən təhlükəsiz və etibarlı logistika dəhlizi yaradacaq. Prezident bildirdi ki, artıq Azərbaycanın Ermənistana tranzit yüklər üçün bütün məhdudiyyətləri aradan qaldırması və enerji məhsullarının tədarükünə başlaması sülhün konkret iqtisadi nəticələr doğurduğunu sübut edir. Strateji Tərəfdaşlıq haqqında Xartiya əməkdaşlığın bütün əsas sahələrini — diplomatiya, iqtisadiyyat, enerji, təhlükəsizlik, texnologiya və innovasiya istiqamətlərini əhatə edir. Xartiya tərəflərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləməklə yanaşı, regional bağlantıların inkişafını, nəqliyyat və enerji layihələrinin genişləndirilməsini, rəqəmsal infrastrukturun qurulmasını və süni intellekt sahəsində birgə təşəbbüsləri nəzərdə tutur.

Dövlət başçısı bildirdi ki, Azərbaycan artıq uzun illərdir beynəlxalq təhlükəsizlik təşəbbüslərində fəal iştirak edir və bu sahədə ABŞ ilə tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Müdafiə sənayesi məhsullarının satışı, antiterror əməliyyatları, kibertəhlükəsizlik və mühüm infrastrukturun qorunması kimi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. Bundan əlavə, mina ilə çirklənmiş ərazilərin təmizlənməsi sahəsində texnologiya və maliyyə dəstəyi məsələsi də Xartiyada mühüm istiqamətlərdən biri kimi qeyd olunur.

Cənab Prezident qeyd etdi ki, Azərbaycan hazırda öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir və onların böyük hissəsi ABŞ-ın müttəfiqləridir. Bu fakt Azərbaycanın qlobal enerji xəritəsində oynadığı strateji rolu və etibarlı tərəfdaş statusunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev çıxışı zamanı süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığı gələcəyin əsas prioritet istiqamətlərindən biri kimi təqdim etdi və bildirdi ki, artıq Amerikanın aparıcı texnologiya şirkətləri ilə birgə layihələr üzrə ilkin nəticələr əldə olunub. Bu təşəbbüslər ölkənin innovasiya potensialını artırmaqla yanaşı, yeni texnoloji iş yerlərinin yaradılmasına və rəqəmsal iqtisadiyyatın inkişafına təkan verəcək, münasibətlərdə yeni mərhələ olacaqdır.

Tahirə Möhsünova

Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər