PDF Oxu

Siyasət

  • 449

Azərbaycan regionun lider dövlətidir

image

Azərbaycan regionun lider dövlətidir, Avrasiyanın aparıcı nəqliyyat-tranzit qovşağıdır. Ölkəmiz 25-30 il əvvəldən başlayaraq etibarlı nəqliyyat infrastrukturu formalaşdırıb, bütün növ yükləri daşımağa qadir mexanizmlər yaradıb. Bütün bunlar regiona maraq göstərən tərəflərin Azərbaycanla iqtisadi əlaqələrini zərurətə çevirir. 10 fevral 2026-cı il tarixdə Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens Azərbaycana səfər edib. Həmin səfər Azərbaycan–ABŞ münasibətlərində yeni və mühüm mərhələnin əsasını qoymuş, strateji əməkdaşlıq anlayışının praktik müstəvidə möhkəmlənməsinə xidmət etmişdir. Səfər çərçivəsində “Strateji əməkdaşlıq” adlı xartiyanın imzalanması iki ölkə arasında münasibətlərin uzunmüddətli və davamlı xarakter daşıyacağının göstəricisidir. Danışıqlar zamanı hər iki ölkənin gələcək inkişafına xidmət edən mühüm məsələlər, xüsusilə ticarət, iqtisadiyyat, mədəniyyət və digər strateji sahələr diqqətdə saxlanılmışdır. Həmçinin TRİP layihəsinin həyata keçirilməsi əsas gündəm mövzularından biri idi. Prezident İlham Əliyevin və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin mətbuata verdikləri bəyanatlar bu məsələlərin prioritet xarakter daşıdığını aydın şəkildə ortaya qoyur. TRİP layihəsinin reallaşdırılması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region və qonşu ərazilər üçün mühüm iqtisadi və nəqliyyat imkanları yaradacaqdır. Prezident cənab İlham Əliyev bəyanatla çıxışı zamanı bildirmişdir ki, "Biz bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə çox minnətdarıq. Biz Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur." Prezident İlham Əliyev bütün çıxışlarında dəfələrlə qeyd etmişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsə də, sülhə, əmin-amanlığa və regional sabitliyə xüsusi önəm verir. Əldə olunan uğurlar da məhz bu strateji məqsədlərə xidmət edir. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri regionda təhlükəsizliyin daha da möhkəmləndirilməsinə yönəlmiş mühüm siyasi hadisə kimi dəyərləndirilir. Bu gün Azərbaycanın dünyada sülhün və sabitliyin təmin olunması istiqamətində apardığı siyasətin ABŞ kimi nüfuzlu dövlət tərəfindən yüksək qiymətləndirilməsi ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edir.

İntiqam Quliyev

YAP Ağdam rayon təşkilatının sədr müavini

Digər xəbərlər