Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və qətiyyətli xarici siyasət kursu regionda yeni geosiyasi reallıqların formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Dayanıqlı sülhün təmin olunması, yeni əməkdaşlıq formatlarının təşviqi və milli maraqlara əsaslanan prinsipial mövqe dövlət başçısının uzaqgörən diplomatik strategiyasının nəticəsidir. ABŞ-ın Prezidenti Donald Trampın Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini yüksək qiymətləndirməsi və ona Ağ Evin rəmzi açarını təqdim etməsi də beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın ifadəsi kimi dəyərləndirilə bilər.
Belə bir beynəlxalq etimad mühitində Azərbaycanla əməkdaşlığa maraq göstərən dövlətlərin sayı getdikcə artır. Bir çox ölkələr Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan regional və qlobal layihələrdə fəal iştirak etməyə çalışırlar. Bu reallıq Azərbaycan Prezidentinin beynəlxalq nüfuzunun və ölkəmizin artan geosiyasi əhəmiyyətinin bariz göstəricisidir.
Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Di Vensin Bakıya rəsmi səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Səfər çərçivəsində keçirilən görüşlər və səsləndirilən bəyanatlar iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində qarşılıqlı siyasi iradənin mövcudluğunu nümayiş etdirdi.
Vitse-prezident çıxışında Azərbaycanı regionda mühüm və etibarlı tərəfdaş kimi xarakterizə edərək, münasibətlərin ortaq maraqlar əsasında daha da genişləndirilməsinin vacibliyini vurğuladı. O bildirdi ki, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, texnologiya və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişafı hər iki dövlət üçün qarşılıqlı fayda yaradır. Bu yanaşma münasibətlərin yalnız siyasi dialoqla məhdudlaşmadığını, praktiki və uzunmüddətli strateji məzmun daşıdığını göstərir.
Səfər çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq Xartiyası isə əlaqələrin institusional əsaslarını daha da möhkəmləndirən mühüm sənəd kimi qiymətləndirilir. Sənəd qarşılıqlı əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirərək, gələcək fəaliyyət üçün konkret çərçivə yaradır. Bu, Azərbaycan-ABŞ münasibətlərinin sistemli və davamlı inkişafına xidmət edən mühüm addımdır.
Vitse-prezident Vens çıxışında Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin edilməsinin əhəmiyyətini də xüsusi qeyd etdi. O vurğuladı ki, regionda dayanıqlı inkişafın təmin olunması üçün iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizlərinin açılması və qarşılıqlı etimad mühitinin gücləndirilməsi əsas şərtlərdir. Bu baxımdan, Azərbaycanın həyata keçirdiyi regional layihələrin beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaratdığı diqqətə çatdırıldı.
Səfər həmçinin göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində artan geosiyasi əhəmiyyətə malikdir. ABŞ rəhbərliyinin ölkəmizlə əməkdaşlığa xüsusi önəm verməsi Azərbaycanın regionda formalaşan yeni geosiyasi reallıqlarda mühüm rol oynadığını təsdiqləyir.
Ümumilikdə, 10 fevral tarixli səfər və vitse-prezidentin Bakıda səsləndirdiyi fikirlər iki ölkə arasında qarşılıqlı hörmətə, ortaq maraqlara və uzunmüddətli strateji tərəfdaşlığa əsaslanan münasibətlərin daha da gücləndirilməsinə xidmət edən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.
Ayaz Novruzov
YAP Culfa rayon Camaldın kənd ərazi partiya təşkilatının sədri