"Son dövrlər həyata keçirilən yeni təyinatlar dövlət idarəçiliyində çevikliyin, məsuliyyətin və nəticəyönümlü yanaşmanın gücləndirilməsi baxımından önəmli addımlar kimi qiymətləndirilə bilər. Kadr siyasəti istənilən ölkədə inkişafın əsas alətlərindən biridir".Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev deyib.Onun sözlərinə görə,doğru kadr seçimi düzgün qərarların qəbuluna, icranın sürətlənməsinə və vətəndaş məmnuniyyətinin artmasına birbaşa təsir göstərir: "Eyni zamanda, etiraf etməliyik ki, təkcə kadr dəyişikliyi ilə problemlər köklü şəkildə həll olunmur. Yeni təyinatlar müsbət siqnaldır, amma bu addımlar dərin institusional islahatlarla müşayiət olunmadıqca real nəticə verməkdə çətinlik çəkə bilər. Problem bəzən şəxslərdə deyil, sistemi formalaşdıran qaydalarda, səlahiyyət bölgüsündə, nəzarət və hesabatlılıq mexanizmlərinin zəifliyindədir.Bu baxımdan, kadr siyasəti ilə paralel olaraq idarəetmədə daha dərin islahatlar aparılmalıdır. Səlahiyyətlər dəqiq bölüşdürülməli, nəticəyə görə məsuliyyət mexanizmi işləməli, vətəndaş mərkəzli yanaşma real praktikaya çevrilməlidir. Dövlət qurumlarının fəaliyyəti vəzifə bölgüsü ilə deyil, ortaya qoyulan nəticə ilə ölçülməlidir.Yəni, yeni təyinatlar doğru istiqamətdir, amma bu, yolun yalnız başlanğıcıdır. Əsas məsələ dəyişən simalar deyil, dəyişən idarəetmə mədəniyyəti və işlək institutlardır.Dərin islahatlar olmadan kadr dəyişiklikləri gözləntiləri tam şəkildə qarşılaya bilməz".
Müəllif: Günel Fərzəliyeva