Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun əsas prioritetlərindən biri qlobal güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması və strateji əlaqələrindərinləşdirilməsidir. Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu və praqmatik diplomatiyası beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin möhkəmləndirilməsinə, regional təhlükəsizlik arxitekturasında rolunun artmasına və geosiyasi təsir imkanlarının genişlənməsinə xidmət edir.
Bu kontekstdə Amerika Birləşmiş Ştatları ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasət strategiyasında mühüm istiqamətlərdən biridir. Bu baxımdan dövlət başçısının ötən ilin 8 avqust tarixində Vaşinqtona səfəri və ABŞ Prezidenti Donald Trampla görüşü ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidini şərtləndirən mühüm siyasi hadisədir. Görüş çərçivəsində dövlətlərimiz arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması məqsədilə işçi qrupunun yaradılmasına dair sənədin imzalanması tərəflər arasında institusional əməkdaşlıq mexanizmlərinin formalaşdırılması istiqamətində mühüm addım olmuşdur. Bu təşəbbüs siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi üçün yeni imkanlar yaratmışdır.
Cari ilin 10 fevral tarixində Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di.Vensin Azərbaycan Respublikasına rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi qiymətləndirilir. Qeyd edilməlidir ki, bu səfər son 18 il ərzində ABŞ-ın Vitse-prezident səviyyəsində ölkəmizə həyata keçirilən ikinci səfər olmaqla, Vaşinqtonun Azərbaycana artan geosiyasi marağının və strateji əməkdaşlığa verdiyi önəmin göstəricisidir.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ABŞ-ın Vitse-prezidenti Cey. Di.Vens arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri geniş müzakirə olunmuş, regional təhlükəsizlik, enerji əməkdaşlığı, iqtisadi əlaqələrin genişləndirilməsi və beynəlxalq məsələlər üzrə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
Eyni zamanda səfərin əsas nəticələrindən biri kimi “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması münasibətlərin institusional əsaslarının daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Sözügedən sənəd siyasi dialoqun sistemli xarakter almasına, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişlənməsinə, eləcə də regional və qlobal təhlükəsizlik məsələlərində koordinasiyanın gücləndirilməsinə xidmət edən strateji mexanizmdir.
Səfər çərçivəsində keçirilən birgə mətbuat konfransında tərəflərin səsləndirdiyi bəyanatlar Azərbaycan–ABŞ münasibətlərinin qarşılıqlı etimad, bərabərhüquqlu tərəfdaşlıq və uzunmüddətli strateji maraqlar əsasında inkişaf etdirildiyini bir daha nümayiş etdirmiş, əməkdaşlığın gələcək istiqamətlərinə dair siyasi iradəni açıq şəkildə ortaya qoymuşdur.
Prezident İlham Əliyev öz bəyanatında ABŞ ilə strateji tərəfdaşlığın Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, dünyanın aparıcı gücü ilə əməkdaşlığın ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət etdiyini vurğulamışdır. Dövlət başçısı, həmçinin ABŞ administrasiyasının Cənubi Qafqaz regionunda sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndirmiş, Ermənistan və Azərbaycan arasında sülh təşəbbüslərinin regionda sabitliyin təmin olunması baxımından mühüm nəticələr yaratdığını bildirmişdir. Bu kontekstdə regionda münaqişədən sonrakı mərhələdə əməkdaşlıq mühitinin formalaşdırılması və sülh şəraitində birgəyaşayış modelinin təşviqi əsas prioritet kimi təqdim olunur.
Bəyanatda xüsusi diqqət çəkən məqamlardan biri regionun iqtisadi inteqrasiyasına və nəqliyyat əlaqələrinin genişləndirilməsinə yönəlmiş təşəbbüslərlə bağlıdır. Prezident İlham Əliyev Tramp–Vens administrasiyasının təşəbbüsü ilə irəli sürülən Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsini regionda iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm strateji layihə kimi qiymətləndirmişdir. Bu layihə vasitəsilə Asiya ilə Avropanı birləşdirən yeni nəqliyyat dəhlizlərinin formalaşdırılması, region ölkələri arasında ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi inteqrasiyanın sürətləndirilməsi nəzərdə tutulur. Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi və regional logistika mərkəzinə çevrilməsi baxımından bu təşəbbüs xüsusi əhəmiyyət kəsb edir.
Dövlət başçısı, həmçinin Azərbaycanın regional əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində atdığı addımlara diqqət çəkmiş, Ermənistanla iqtisadi əlaqələrin bərpası istiqamətində görülən tədbirlərin regionda qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət etdiyini bildirmişdir. Bu yanaşma Azərbaycanın postmünaqişə dövründə əməkdaşlıq və inkişaf modelini prioritet kimi müəyyənləşdirdiyini nümayiş etdirir.
Prezident İlham Əliyevin bəyanatında Azərbaycan–ABŞ əməkdaşlığının əsas istiqamətləri kimi təhlükəsizlik, antiterror fəaliyyəti, enerji əməkdaşlığı, müdafiə sənayesi, nəqliyyat-kommunikasiya layihələri və innovativ texnologiyalar sahəsində tərəfdaşlıq xüsusi vurğulanmışdır. Azərbaycanın hazırda təbii qaz ixracı vasitəsilə bir sıra ölkələrin, o cümlədən NATO üzvü dövlətlərin enerji təhlükəsizliyinə töhfə verməsi ölkənin qlobal enerji siyasətində artan rolunu nümayiş etdirir. Bu amil Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyi sistemində strateji tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
Eyni zamanda, süni intellekt texnologiyalarının inkişafı və bu sahədə ABŞ şirkətləri ilə əməkdaşlıq perspektivlərinin gündəmdə olması Azərbaycan–ABŞ münasibətlərinin yalnız ənənəvi sahələrlə məhdudlaşmadığını, həm də yüksək texnologiyalar və innovasiya istiqamətində yeni əməkdaşlıq platformalarının formalaşdığını göstərir. Bu isə ikitərəfli münasibətlərin uzunmüddətli və çoxşaxəli xarakter daşıdığını təsdiqləyir.
Beləliklə, ABŞ-ın Vitse-prezidenti Cey Di Vensin Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan–ABŞ münasibətlərində yeni geosiyasi reallıqların formalaşdığını nümayiş etdirir. Prezident İlham Əliyevin bəyanatında əks olunan əsas tezislər göstərir ki, tərəflər arasında əməkdaşlıq yalnız ikitərəfli maraqlarla məhdudlaşmır, eyni zamanda regional sabitlik, qlobal enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıq sisteminin inkişafına yönəlmiş geniş strateji məqsədlərə xidmət edir. Bu baxımdan səfər Azərbaycan–ABŞ münasibətlərinin gələcək inkişaf perspektivlərini müəyyənləşdirən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.
Ziyafət Əsgərov,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini.