Respublikamız müstəqillik dönəmindəki ən mühüm siyasi uğurlardan birinə imza ataraq dünyanın bir nömrəli ölkəsi ABŞ ilə strateji tərəfdaşlıq yoluna qədəm qoyur. Prezident İlham Əliyev fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Venslə görüşlərin ardından mətbuata bəyanatında da ABŞ ilə strateji tərəfdaşlığı böyük şərəf adlandıraraq dedi: “Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir. Biz həmçinin Prezident Trampa, Vitse-prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdarıq. Ötən avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik”._
Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin fevralın 10-da ölkəmizə səfəri regionun yeni iqtisadi trayektoriyasının müəyyənləşdirilməsi baxımından olduqca mütərəqqi addımların atılması ilə yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti arasında keçirilən görüş və səsləndirilən birgə bəyanatlar Azərbaycanın xarici siyasətində mühüm və yeni bir müsbət mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu görüş sadəcə protokol xarakteri daşımadı, əksinə, Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni, daha dərin və strateji mərhələyə daxil olduğunu nümayiş etdirdi. ABŞ kimi qlobal siyasi və iqtisadi gücün Azərbaycanla münasibətləri məhz bu kontekstdə qiymətləndirməsi ölkəmizin beynəlxalq nüfuzunun və artan geosiyasi əhəmiyyətinin bariz göstəricisidir.
Son illər Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil, balanslaşdırılmış və praqmatik xarici siyasət modeli ilə seçilir. Dövlətimiz heç bir güc mərkəzindən asılı olmadan, milli maraqları əsas götürərək həm Qərb, həm də Şərq istiqamətində paralel və bərabərhüquqlu münasibətlər qurur. Məhz bu yanaşma Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasına və ABŞ ilə münasibətlərin yeni mərhələyə keçməsinə zəmin yaradıb. Prezident İlham Əliyevin münasibətlərin “tamamilə yeni mərhələyə” daxil olduğunu vurğulaması Azərbaycanın apardığı düşünülmüş diplomatiyanın nəticəsidir. Ən önəmlisi isə Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması oldu. Bununla da iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açıldı. Tərəflər regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqların əhəmiyyətini təsdiqlədilər. Özündə 5 əsas məqsədi ehtiva edən bu xartiya təkcə ikitərəfli əlaqələri gücləndirəcək diplomatik sənəd deyil, həm də ümumi regionun mənzərəsini yenidən formalaşdıracaq sülh, əməkdaşlıq xəritəsidir.
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya təkcə iki ölkənin yaxınlaşmasını deyil, daha dərin strateji dönüşü əks etdirir, yəni bəyanatlar siyasətindən konkret mexanizmlər siyasətinə keçidi təmin edir. Bakı üçün bu, regional proseslərin aktiv iştirakçısı statusunun möhkəmlənməsi deməkdir, Vaşinqton üçün isə strateji əhəmiyyətli məkanda etibarlı tərəfdaşın əldə olunmasıdır. Ən başlıcası isə odur ki, sənəd praqmatizmə, qarşılıqlı hörmətə və uzunmüddətli maraqların düzgün anlaşılmasına əsaslanan əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Məhz bu prinsiplər bu gün yeni beynəlxalq reallığın əsas müəyyənedicilərinə çevrilir. Azərbaycanla ABŞ arasında imzalanan strateji tərəfdaşlığa dair xartiya göstərir ki, respublikamızla ikitərəfli və çoxtərəfli əməkdaşlıq ABŞ Prezidentinin missiyasının və xarici siyasətinin əsas məqsədlərindəndir. Bu bir daha ABŞ-Azərbaycan münasibətlərinin dayanıqlı olduğunu və yüksələn xətlə inkişaf edən əlaqələrin gələcəkdə xalqlarımız üçün böyük nəticələr verəcəyini sübut edir. Bu mühüm dövlət sənədinə dair ölkələr müdafiə, təhlükəsizlik, hərbi, enerji, nəqliyyat, süni intellekt, özəl sektor, bir sözlə bütün istiqamətlərdə dərin əməkdaşlıqlar quracaqlar. Təbii ki, bütün bu əməkdaşlıqların dərinləşməsi baxımından Zəngəzur dəhlizinin reallaşması böyük önəm daşıyacaq. Ən əsası isə odur ki, birgə fəaliyyətə dair niyyət və iradə, eləcə də ilkin nəticələr vardır. Bütün bunlar əminlik yaradır ki, 8 avqust Vaşinqton Sülh Sammitinin məntiqi davamı kimi, 10 fevral 2026-cı il təqvimi Azərbaycan-ABŞ münasibətlərində inkişafın yeni mərhələsini təsdiqləyən mühüm siyasi nailiyyət kimi tarixə həkk olunacaq. Prezident İlham Əliyevin dediyi kimi: _“Bağlantılara gəldikdə, artıq qeyd etdiyim kimi, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu həmçinin perspektivlidir. Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Başqa sözlə, Vitse-prezident Vensin bugünkü səfəri, imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir”.
Azərbaycanın beynəlxalq imici bu gün daha da möhkəmlənir. Ölkəmiz sabitlik yaradan, sözünə və imzasına hörmət edən və uzunmüddətli əməkdaşlığa sadiq tərəfdaş kimi qəbul olunur. Beynəlxalq münasibətlər sistemində etibarlılıq ən qiymətli amillərdən biri hesab olunur və Azərbaycan bu etibarı illər ərzində formalaşdırıb. ABŞ ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də məhz bu etibarın nəticəsidir.
Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri