2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş yüksək səviyyəli görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması məqsədilə birgə işçi qrupunun yaradılması Azərbaycan–ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Bu proses göstərdi ki, tərəflər münasibətləri situativ maraqlar deyil, uzunmüddətli strateji hədəflər üzərində qurmağa üstünlük verirlər. “2026-cı il fevralın 10-da ABŞ-ın vitse-prezidenti Vensin Bakıya rəsmi səfəri isə həmin strateji kursun davamlılığının və siyasi iradənin real təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın vitse-prezidenti Cey. Di. Venslə birgə mətbuata bəyanatı son aylarda regionda formalaşan yeni siyasi reallıqların mahiyyətini aydın şəkildə ortaya qoyur. Bu bəyanat təkcə ikitərəfli münasibətlərin inkişafını deyil, həm də Cənubi Qafqazda sülh, əməkdaşlıq və qlobal inteqrasiya perspektivlərini əks etdirən strateji baxışı nümayiş etdirir.
Prezident İlham Əliyev ABŞ-ın Vitse-Prezidenti Ceymis Devid Vens ilə mətbuata birgə bəyanatında bildirib ki, altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və bu Xartiyanın tərtib edilməsi ilə bağlı işçi qrupunun yaradılması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradıb: “Bizim üçün böyük şərəfdir ki, strateji tərəfdaşlığımızı dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş ştatları ilə qururuq. Hörmətli qonaqla imzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz, həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Biz, həmçinin enerji təhlükəsi ilə bağlı məsələlərdə işbirliyi quracağıq. Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO-nun üzvləridir və ABŞ- ın müttəfiqləridir”.
ABŞ-ın Vitse-prezidenti Ceymis Devid Vens Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib ki, burada-Azərbaycanda danışmaq və elan etmək üçün çox məsələlər var: “Düşünürəm ki, Prezident Trampın və Prezident Əliyevin rəhbərliyi ilə daha güclü və daha yaxşı münasibətlər qurulacaq”. ABŞ Vitse-prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin son illərdə dinamik şəkildə inkişaf etdiyini göstərən mühüm siyasi hadisədir. Bu səfər, ilk növbədə,iki Vaşinqtonla Bakı arasında qarşılıqlı etimadın artırılmasına və regional məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat təhlükəsizlik əməkdaşlığı və institusional çərçivənin gücləndirilməsi istiqamətində strateji yol xəritəsinin formalaşdırıldığını aydın şəkildə ortaya qoydu. Bu yanaşma Azərbaycan–ABŞ münasibətlərini daha dayanıqlı, çevik və effektiv tərəfdaşlıq modelinə çevirir.
Təhlükəsizlik sahəsində dərinləşən əməkdaşlıq regional sabitliyin möhkəmlənməsinə, institusional mexanizmlərin təkmilləşdirilməsi isə əldə olunan razılaşmaların real və ölçülə bilən nəticələrə çevrilməsinə imkan yaradır. Nəticə etibarilə, bu səfər Azərbaycan–ABŞ strateji tərəfdaşlığının keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyir və qarşıdakı dövrdə daha genişmiqyaslı əməkdaşlıq üçün möhkəm zəmin yaradır.
Arif Qasımov
YAP Sədərək rayon təşkilatının sədri