Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata birgə bəyanat zamanı ABŞ və Azərbaycan arasında münasibətlərin tamamilə yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Cənab Prezidentimiz çıxışında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanmasının altı ay ərzində hər iki ölkə heyətlərinin gördüyü çox gərgin işin təzahürü olduğunu vurğuladı. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Cənab Prezidentimiz İlham Əliyevin və ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Strateji Tərəfdaşlıq haqqında Xartiyanı imzalaması ilə Azərbaycan və ABŞ hökümətləri arasında münasibətlərdə yeni bir mərhələnin başlanğıcını qoydu. Strateji Tərəfdaşlıq haqqında Xartiya müdafiə, təhlükəsizlik, ticarət, investisiya kimi sahələrdə əməkdaşlıq çərçivəsi formalaşdırır.
Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsini Prezidentimiz cənab İlham Əliyev belə dəyərləndirdi: “Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur.” Prezidentimizin vurğuladığı kimi bu layihə dünya iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya sistemində Azərbaycanın artan rolunu göstərir.
Birləşmiş Ştatların vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərdə 2025-ci il avqustun 8-də razılaşdırılmış məsələlərin həyata keçirilməsi baxımından əhəmiyyətlidir.
Çinarə Səfərova,
Tarix üzrə fəlsəfə doktoru, ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi