PDF Oxu

Siyasət

  • 1 376

Rəqəmsal inkişaf strategiyası ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” mövzusunda keçirilən müşavirədəki çıxışı ölkəmizin qarşıdakı onillik inkişaf trayektoriyasını aydın şəkildə ortaya qoydu. Bu çıxış təkcə texnoloji yeniliklərlə bağlı mesaj deyildi, eyni zamanda dövlət idarəçiliyinin, iqtisadi modelin və milli təhlükəsizlik strategiyasının yeni mərhələyə keçidinin anonsu idi.

Dövlət başçısının vurğuladığı kimi, süni intellektin tətbiqi, müasir data mərkəzlərinin yaradılması və rəqəmsallaşma artıq seçim deyil, zərurətdir. Rəqəmsallaşma ilə bağlı aparılan islahatlar faktiki olaraq ölkənin gələcək inkişaf modelini müəyyən edir.

Süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqi qərarvermə prosesinin daha çevik, şəffaf və effektiv olmasına imkan verəcək. Data mərkəzlərinin yaradılması isə həm dövlət məlumatlarının təhlükəsizliyini təmin edəcək, həm də ölkəni regional rəqəmsal hab statusuna yüksəldə bilər.

Bu yanaşma Azərbaycanın yalnız istifadəçi deyil, eyni zamanda texnologiya yaradan və ixrac edən ölkəyə çevrilməsi məqsədinə xidmət edir. Rəqəmsal iqtisadiyyatın genişlənməsi qeyri-neft sektorunun dayanıqlı inkişafını sürətləndirəcək və yeni, yüksək ixtisaslı iş yerlərinin yaranmasına şərait yaradacaq.

Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edən nadir ölkələrdəndir. Ölkəmiz neft, qaz, elektrik enerjisi sahəsində daxili tələbatı tam ödəməklə yanaşı, bu resursları dünya bazarına da çıxarır. Enerji ixracatçısı kimi formalaşmış möhkəm iqtisadi baza rəqəmsal transformasiya üçün də güclü maliyyə və infrastruktur imkanları yaradır.

Ənənəvi enerji gücü ilə rəqəmsal gücün sintezi yeni strateji üstünlük formalaşdırır. Əgər ötən onilliklər enerji diplomatiyası Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirmişdisə, qarşıdakı dövrdə rəqəmsal diplomatiya və texnoloji suverenlik bu mövqeni daha da gücləndirəcək.

Enerji təhlükəsizliyini təmin etmiş bir dövlət üçün növbəti mərhələ rəqəmsal təhlükəsizlik və informasiya suverenliyidir. Bu isə güclü server infrastrukturu, milli platformalar və kibertəhlükəsizlik sistemləri ilə mümkündür.

Prezidentin çıxışında əsas xətt ondan ibarət idi ki, Azərbaycan gələcəyi planlaşdıran ölkədir. Rəqəmsal arxitektura anlayışı təkcə texniki infrastrukturu deyil, bütövlükdə idarəetmə fəlsəfəsinin yenilənməsini ehtiva edir.Bu yanaşma göstərir ki, ölkəmiz artıq post-neft mərhələsinə keçidi sürətləndirir və bilik, innovasiya, texnologiya əsaslı iqtisadi modeli prioritet elan edir.

Azərbaycanın yeni rəqəmsal arxitekturası – bu, süni intellektlə güclənən idarəetmə, data əsaslı qərarvermə, təhlükəsiz informasiya mühiti və enerji təminatlı texnoloji inkişaf modelidir. Bu model ölkəmizi regionun lider innovasiya mərkəzinə çevirməyə xidmət edir.

Sevinc Xəlilova

YAP Samux rayon təşkilatının sədr müavini

Digər xəbərlər