PDF Oxu

Siyasət

  • 1 195

Azərbaycan–ABŞ münasibətlərində strateji tərəfdaşlıq mərhələsi ŞƏRH

image

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlərin Donald Trump administrasiyası dövründə yüksələn xətt üzrə inkişafı qlobal siyasi konfiqurasiyanın dəyişdiyi bir mərhələdə baş verməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu mərhələni səciyyələndirən əsas xüsusiyyət münasibətlərin praqmatik maraqlar, qarşılıqlı fayda və geostrateji reallıqlar üzərində qurulmasıdır.

İlk növbədə, Azərbaycanın Cənubi Qafqazda sabitlik yaradan və təşəbbüskar aktor kimi çıxış etməsi Vaşinqtonun region siyasətində Bakının rolunu daha aydın şəkildə önə çıxardı. ABŞ üçün enerji təhlükəsizliyi, alternativ marşrutların inkişafı və Avrasiya məkanında balanslaşdırılmış siyasətin aparılması mühüm prioritetlərdir. Azərbaycan isə özünün enerji və nəqliyyat potensialı ilə bu prioritetlərin həyata keçirilməsində etibarlı tərəfdaş statusunu möhkəmləndirdi. Bu, münasibətləri sırf diplomatik çərçivədən çıxararaq strateji məzmunla zənginləşdirdi.

Digər mühüm məqam təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsidir. Qlobal terrorizmə qarşı mübarizə, regional sabitliyin qorunması və beynəlxalq sülhməramlı təşəbbüslərdə iştirak kimi istiqamətlərdə Azərbaycanın mövqeyi ABŞ tərəfindən yüksək qiymətləndirildi. Bu qarşılıqlı əməkdaşlıq modeli tərəflər arasında siyasi dialoqun davamlılığını təmin edən mühüm amilə çevrildi.

Bu kontekstdə 2026-cı il fevralın 10-da ABŞ-ın vitse-prezidentinin Bakıya səfəri münasibətlərin yüksək siyasi səviyyədə inkişafının məntiqi davamı kimi çıxış etdi. Səfər çərçivəsində aparılan danışıqlar iki ölkə arasında strateji koordinasiyanın dərinləşdirilməsi, regional təhlükəsizlik məsələləri və iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdı.

Qlobal çərçivədə siyasi baxımdan qiymətləndirildikdə Tramp administrasiyası dövründə münasibətlərin yüksəlməsi böyük güclər arasında rəqabətin artdığı bir şəraitdə ABŞ-ın Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməsinin göstəricisi kimi çıxış edir. Bu yanaşma Azərbaycanın müstəqil, balanslı və çoxtərəfli xarici siyasət kursunun beynəlxalq miqyasda qəbul olunduğunu və dəstəkləndiyini təsdiqləyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatdan bəhs edərkən isə qeyd etməliyik ki, bu səfər iki ölkə arasında münasibətlərin inkişaf dinamikasını, qarşılıqlı siyasi iradəni və strateji baxışın ardıcıllığını aydın şəkildə ortaya qoydu. Bu son illərdə formalaşmış yüksək səviyyəli dialoqun və sistemli əməkdaşlığın məntiqi nəticəsidir. Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər uzun illər ərzində qarşılıqlı maraqlar, etimad və praqmatik yanaşma əsasında inkişaf edərək bu gün strateji tərəfdaşlıq mərhələsinə yüksəlmişdir.

Xüsusilə 2025-ci il 8 avqust tarixində Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafında mühüm dönüş nöqtəsi olmuşdur. Həmin səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, aparılan geniştərkibli danışıqlar və imzalanan sənədlər əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirdi. Siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi və enerji sahəsində tərəfdaşlığın genişləndirilməsi, təhlükəsizlik və regional sabitlik məsələlərində qarşılıqlı fəaliyyətin gücləndirilməsi barədə əldə olunan razılaşmalar münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərdi. Bu səfər zamanı imzalanan sənədlər hüquqi baza rolunu oynayaraq sonrakı addımlar üçün möhkəm zəmin formalaşdırdı.

Məhz həmin səfərdə müəyyənləşdirilən prioritetlər və razılaşdırılmış əməkdaşlıq mexanizmləri sonradan imzalanmış Strateji tərəfdaşlıq haqqında Xartiyanın məntiqi davamına çevrildi. ABŞ ilə Azərbaycan arasında formalaşan yeni siyasi konfiqurasiya tərəflərin uzunmüddətli perspektivdə birgə fəaliyyət niyyətini açıq şəkildə nümayiş etdirdi. Beləliklə, Vitse-prezident Vensin Azərbaycana səfəri və imzalanmış Strateji Xartiya 8 avqust 2025-ci il tarixli səfərin ideoloji və siyasi xəttinin ardıcıl davamı kimi çıxış edərək münasibətləri institusional müstəviyə yüksəltdi.

Prezident İlham Əliyev çıxışında ABŞ administrasiyasının Azərbaycana nümayiş etdirdiyi müsbət münasibəti xüsusi vurğulayaraq Tramp–Vens administrasiyasına minnətdarlığını ifadə etdi. Bu yanaşma iki ölkə arasında formalaşmış qarşılıqlı etimad mühitinin göstəricisidir. Azərbaycanın suverenliyinə, müstəqil siyasət kursuna və regional təşəbbüslərinə hörmətlə yanaşılması əməkdaşlığın əsas sütununu təşkil edir. ABŞ administrasiyasının konstruktiv mövqeyi ikitərəfli münasibətlərdə sabitliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verir. Bu müsbət münasibət siyasi dialoqun dərinləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin güclənməsinə şərait yaradır.

Dövlət başçısının qeyd etdiyi kimi, ABŞ kimi qlobal güclə strateji tərəfdaşlıq Azərbaycan üçün həm böyük şərəf, həm də ciddi məsuliyyətdir. Bu tərəfdaşlıq formal bəyanatlardan ibarət deyil, konkret layihələr, ortaq maraqlar və uzunmüddətli hədəflər üzərində qurulmuş əməkdaşlıq modelidir. Enerji təhlükəsizliyi sahəsində birgə təşəbbüslər, regional sabitliyin təmin olunmasında koordinasiya, iqtisadi və investisiya mühitinin inkişafı bu münasibətlərin əsas istiqamətlərindəndir. Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləmiş, ABŞ ilə əməkdaşlıq çərçivəsində qlobal enerji təhlükəsizliyinə və regional sabitliyə real töhfələr vermişdir. Strateji tərəfdaşlıq eyni zamanda yeni texnologiyalar, rəqəmsal inkişaf və innovasiya sahələrində də geniş perspektivlər açır.

Ceyms Devid Vensin Azərbaycana səfəri və Strateji tərəfdaşlıq haqqında Xartiyanın imzalanması münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirdi. Bu sənəd tərəflərin uzunmüddətli əməkdaşlıq iradəsini rəsmiləşdirərək konkret fəaliyyət istiqamətlərini müəyyən edir. Danışıqların mahiyyəti göstərdi ki, tərəflər siyasi dialoqu daha da intensivləşdirmək, iqtisadi əlaqələri şaxələndirmək və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədirlər.

Bu səfərin tarixi əhəmiyyəti ondadır ki, imzalanmış Strateji tərəfdaşlıq haqqında Xartiya Azərbaycan–ABŞ münasibətlərini yeni mərhələyə daşıyaraq gələcək onilliklər üçün aydın və sistemli yol xəritəsi müəyyənləşdirir. Bütün bunlar göstərir ki, iki ölkə arasında formalaşmış müsbət dinamika davamlı xarakter daşıyır və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlıq daha da dərinləşəcəkdir.

Vasif Nəbiyev

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər