10 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizə rəsmi səfər edən Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey. Di. Vens mətbuata birgə bəyanatlarla çıxış ediblər. Ölkəmizin başçısı çıxışının əvvəlində avqust ayında imzalanan Azərbaycan və Ermənistanın sülh sazişindən bəhs etdi. Artıq altı aydır ki, hər iki ölkə sülh şəraitində yaşayır. Bunun nəticəsi olaraq artıq Ermənistana neft məhsullarının təchizatına başlanılıb. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi də Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirərək etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Siyasi dialoqun intensiv xarakter alması, yüksək səviyyəli qarşılıqlı səfərlərin davamlılığı və beynəlxalq platformalarda əməkdaşlıq Azərbaycan və ABŞ arasında etimadın artdığını göstərir. Dövlət başçısı cənab İlham Əliyevin liderliyinin və rəhbərliyinin bariz nümunəsidir ki, bir vaxtlar yalnız mübarizə və müharibə olan yerdə əmin-amanlıq yaratdı.
ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens ilə cənab prezident İlham Əliyev arasında imzalanan Xartiyada əməkdaşlığın müxtəlif istiqamətləri əks olunur. Təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində hər iki ölkə arasında işlər davam etdiriləcək. Öz təbii qazımız ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edilir. 16 ölkənin 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir. Xartiyada istiqamətlərdən biri də süni intellekt mərkəzlərinin yaradılması ilə bağlıdır. Amerikanın aparıcı şirkətləri ilə əlaqələr qurulub, ilkin nəticələr var.
ABŞ-ın vitse-prezidenti çıxışı zamanı Əfqanıstanda azərbaycanlıların sonuncu olaraq çıxdıqları məsələyə toxundu. Azərbaycanlılar ABŞ-ın hərbi dəniz qüvvələri ilə çiyin-çiyinə vuruşmuş və nüfuz qazanmışlar. Hər iki ölkə arasında tərəfdaşlıq daha da möhkəmlənərək sülhə və əmin-amanlığa aparacaqdır. Amerikanın iş adamları üçün əlavə bazarlara çıxış yaranacaq. Burada da məqsəd insanlar münaqişələrdən uzaq olaraq ticarət aparsınlar. ABŞ-Azərbaycan münasibətləri dayanaqlı və böyük nəticələr verməkdə davam edəcəkdir.
ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin dərin və çoxşaxəli xarakter aldığını nümayiş etdirdi. Diplomatik baxımından əsas hadisə olmaqla yanaşı, regionun siyasətinə və iqtisadiyyatına təsir göstərərək strateji əhəmiyyətə malikdir. Strateji tərəfdaşlıq qarşılıqlı etimad, ortaq maraqlar və qlobal çağırışlara birgə yanaşma prinsipləri əsasında inkişaf edərək yeni mərhələyə qədəm qoyur.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu
üzrə ərazi partiya təşkilatının sədr müavini