Tramp administrasiyası dövründə irəliyə aparılan Azərbaycan-ABŞ münasibətləri Birləşmiş Ştatların Vitse-prezidenti Cey. Di. Vensin səfəri ilə yeni və keyfiyyətcə daha fərqli mərhələyə daxil oldu. Cey. Di. Vens “ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha möhkəm sülhə və əmin-amanlığa aparacaq. ABŞ-ın iş adamları üçün əlavə bazarlara çıxış yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasınlar, ticarət aparsınlar” fikirləri ilə ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafından böyük məmnunluq hissi keçirdiyini diqqətə çatdırdı. Onu da vurğuladı ki, bu, ABŞ Prezidentinin missiyasının və xarici siyasətinin özəyidir. Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik. Biz strateji tərəfdaşlıq sənədini imzaladıq. Bu, tərəfdaşlığı rəsmiləşdirir və çox aydın şəkildə göstərir ki, ABŞ-Azərbaycan münasibətləri dayanıqlıdır və xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək.
Ölkələrimiz arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. Hazırda Azərbaycan-ABŞ əməkdaşlığı məhz qarşılıqlı etimada və hər iki tərəfin strateji maraqlarına söykənən möhkəm tərəfdaşlıq üzərində inkişaf edir. Qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığı davamlı sülhün təmin edilməsinə töhfə vermək, regional sabitliyi möhkəmləndirmək, həmçinin qlobal çağırışlara birgə cavab vermək baxımından böyük önəm daşıyır.
Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, imzaladığımız Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir. Bağlantılara gəldikdə, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir. Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Vitse-prezident Vensin səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir.
Cənubi Qafqazda sülhün təmin olunmasına verilən önəm regional sabitlik və inkişaf üçün mühüm amildir. Bu, qarşılıqlı anlaşma və etimad əsasında qurulan əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə dərin inam yaradır.
Cənab İlham Əliyev mətbuata bəyanatında bu məqamları da vurğuladı ki, biz Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri