PDF Oxu

Siyasət

  • 1 682

Strateji xartiya və gələcək perspektivlər

image

10 fevral 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens arasında rəsmi görüş keçirildi. Səfər çərçivəsində iki ölkə arasında “Strateji Tərəfdaşlıq Xartiyası” imzalandı və bu sənəd Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirildi.

Görüşdən sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev sənədin əhəmiyyətini xüsusi vurğulayaraq bildirdi ki, Vitse-prezidentin Azərbaycana səfəri və imzalanmış Strateji Xartiya münasibətlərimizin inkişafında mühüm və tarixi mərhələdir. Dövlətimizin başçısı qeyd etdi ki, sənəddə iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri öz əksini tapır və bu sənəd gələcək əməkdaşlıq üçün möhkəm hüquqi-siyasi baza yaradır. Strateji Xartiyada təhlükəsizlik və antiterror sahəsində əməkdaşlığın davam etdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən olunub. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan uzun illərdir beynəlxalq təhlükəsizlik təşəbbüslərində fəal iştirak edir və bu istiqamətdə ABŞ ilə əməkdaşlıq uğurla davam etdiriləcək. Bu əməkdaşlıq regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.Enerji sahəsi isə Azərbaycan–ABŞ münasibətlərinin əsas sütunlarından biri olaraq qalır. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan hazırda öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir və onlardan 11-i NATO üzvü, ABŞ-ın müttəfiqləridir. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rolu bir daha nümayiş etdirir. Enerji diplomatiyası ölkəmizin beynəlxalq mövqelərini gücləndirməklə yanaşı, qlobal əməkdaşlığa real töhfə verir.

Görüş zamanı bağlantı və nəqliyyat layihələri də müzakirə edildi. Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu ölkəni Şərqlə Qərb arasında mühüm tranzit mərkəzinə çevirib və bu istiqamətdə ABŞ ilə əməkdaşlıq yeni imkanlar açır.

Müdafiə sənayesi sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu da diqqətə çatdırıldı. Müdafiə məhsullarının satışı istiqamətində perspektivlərin açılması və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini göstərir.

Bununla yanaşı, süni intellekt sahəsində əməkdaşlıq da ikitərəfli gündəliyin əsas mövzularından biri kimi qeyd edildi. Prezident vurğuladı ki, Amerikanın aparıcı şirkətləri ilə qurulan tərəfdaşlıq çərçivəsində artıq ilkin nəticələr əldə olunub. Bu istiqamət Azərbaycanın rəqəmsal transformasiya siyasətinə və innovasiya əsaslı iqtisadiyyat quruculuğuna mühüm dəstək verir.

Beləliklə, 10 fevral 2026-cı il tarixində Bakı şəhərində keçirilən görüş və imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan–ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan bu əməkdaşlıq gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsinə, regionda sabitliyin möhkəmlənməsinə və beynəlxalq tərəfdaşlığın daha da inkişafına xidmət edəcəkdir

Loğman Qasımov

YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər