"Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafı son dərəcə önəmlidir, çünki dünyanın gələcəyi böyük ölçüdə məhz bu sahənin inkişaf səviyyəsindən asılıdır. Xüsusilə süni intellekt texnologiyalarından hazırda iqtisadiyyatın, elmin və digər sahələrin geniş spektrində aktiv şəkildə istifadə olunur".Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.Onun sözlərinə görə, Azərbaycanda da informasiya texnologiyaları və süni intellekt sahəsinə dövlət səviyyəsində xüsusi diqqət yetirilməsi ölkəmizin gələcəyi üçün strateji əhəmiyyət daşıyır: "Prezidentin bu prosesi birbaşa nəzarətdə saxlaması dövlətimizin möhkəmlənməsi və rəqabət qabiliyyətinin artırılması baxımından olduqca vacibdir.Azərbaycanda planlaşdırılan data mərkəzinin tikintisi ölkəmizin həm regionda, həm də qlobal miqyasda nüfuzunun artmasına mühüm töhfə verəcək. Bu layihə eyni zamanda iqtisadiyyatın digər sahələrinin inkişafına da yeni imkanlar açacaq. Səhiyyə, elm, kənd təsərrüfatı və ümumilikdə iqtisadiyyatın elə bir istiqaməti yoxdur ki, rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi orada mühüm rol oynamasın.Prezident tərəfindən verilən tapşırıq - bütün nazirliklərdə bu sahəyə cavabdeh olan rəhbər şəxsin müəyyən edilməsi - göstərir ki, rəqəmsal transformasiya artıq sistemli və koordinasiyalı şəkildə həyata keçiriləcək. Keçirilən müşavirədə aidiyyəti qurumların rəhbər şəxslərinin iştirakı da dövlət səviyyəsində bu istiqamətə verilən yüksək önəmin bariz göstəricisidir.Eyni zamanda əminliklə demək olar ki, formalaşan əlverişli mühit xarici investorların da diqqətini cəlb edəcək və onlar bu prosesə qoşulmaqda maraqlı olacaqlar. Nəticə etibarilə yeni iş yerləri yaradılacaq, iqtisadi artım sürətlənəcək, sosial problemlərin həlli üçün əlavə imkanlar formalaşacaq. Bu sahədən əldə olunan gəlirlər isə iqtisadiyyatın digər istiqamətlərinin inkişafına yönəldiləcək. Beləliklə, informasiya texnologiyaları və süni intellekt sahəsində atılan addımlar Azərbaycanın uzunmüddətli dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir".
Müəllif: Günel Fərzəliyeva