PDF Oxu

Siyasət

  • 1 189

"Şəhərin kimliyi və memarlıq üslubu qorunmalıdır" - POLİTOLOQ DANIŞDI

image

"Şəhərləşmə və urbanizasiya həm regionda, həm də dünyada gedən təbii prosesdir. Kəndlərdən şəhərlərə axın artır və bu, qlobal tendensiyanın bir hissəsidir".Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib. Onun sözlərinə görə, lakin bu proses planlı və səliqəli şəkildə həyata keçirilməlidir: "Hər bir şəhərin özünəməxsusluğu, tarixi, mədəniyyəti və memarlıq üslubu var. Şəhərsalma zamanı bu xüsusiyyətlər qorunmalıdır. Şəhərin kimliyi itirilməməli, tarixi görünüşü və mədəni irsi zərər görməməlidir.Məsələn, Avropa ilə bağlı müxtəlif tənqidlər səsləndirilə bilər, lakin bir məsələ müsbət nümunə kimi qeyd edilməlidir: bir çox Avropa paytaxtları öz qədim simasını, memarlıq üslubunu və tarixi irsini qoruyaraq eyni zamanda müasir inkişafı təmin etməyi bacarıblar. Yəni həm ənənə, həm də modernləşmə paralel şəkildə aparılıb.Azərbaycanda da şəhərsalma siyasəti məhz bu prinsiplərə əsaslanmalıdır. İnkişaf xaotik xarakter daşımamalıdır. Şəhərin ümumi arxitekturası, estetik görünüşü və funksionallığı bir-birini tamamlamalıdır. Eyni zamanda şəhərlərin inkişafı yalnız yeni binaların tikilməsi ilə məhdudlaşmamalıdır. İş yerlərinin yaradılması, sosial infrastrukturun qurulması, təhsil və səhiyyə müəssisələrinin inkişafı paralel şəkildə həyata keçirilməlidir.Təkcə Bakının deyil, region şəhərlərinin də inkişafı vacibdir. Regionlarda iqtisadi imkanlar artdıqca, əhalinin paytaxta həddindən artıq axınının qarşısı alınar. Bu isə həm Bakının yükünü azaldar, həm də ölkə üzrə daha balanslı və dayanıqlı inkişaf modelinin formalaşmasına gətirib çıxarar. Beləliklə, planlı, milli-mədəni xüsusiyyətləri qoruyan və iqtisadi-sosial inkişafla uzlaşdırılmış şəhərsalma siyasəti Azərbaycanın ümumi inkişafına müsbət təkan verə bilər".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər