PDF Oxu

Siyasət

  • 1 120

Azərbaycanın inkişaf modelində yeni mərhələ - ŞƏRH

image

“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə vurğulanmışdır ki, rəqəmsal inkişaf ölkənin gələcək tərəqqisi üçün əsas prioritetlərdən biridir. Müasir dövrdə süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Bizim neft-qaz bağlantıları sahəsində böyük təcrübəmiz var. Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber- optik dəhlizlərə də çevrilməlidir.

Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi – Asiya ilə Avropa arasında yerləşməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin üzərində olması və formalaşmış geniş infrastruktur imkanları rəqəmsal bağlantılar üçün böyük potensial yaradır. Artıq Xəzər dənizinin Şərq sahilləri ilə fiber-optik kabel layihəsi icra olunur və bu, Azərbaycanın Şərq istiqamətində rəqəmsal əlaqələrini daha da gücləndirəcəkdir.

Ölkə Prezidenti transmilli şirkətlərlə əməkdaşlıq təcrübəsini də əsas üstünlüklərdən biri kimi qiymətləndirmişdir. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox sərmayə yatırılmışdır və ölkədə müsbət investisiya iqlimi formalaşmışdır. Xarici və yerli sərmayələrin qorunması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir. Bu təcrübə rəqəmsal sahədə aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlıq üçün də möhkəm zəmin yaradır.

Enerji təminatı məsələsinə toxunan ölkə başçısı bildirmişdir ki, son 20 ildə ölkənin generasiya gücü iki dəfəyə yaxın artaraq 10 min meqavata çatmışdır. Hazırda ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücü mövcuddur ki, bu da data mərkəzlərinin yaradılması və süni intellekt texnologiyalarının tətbiqi üçün əsas şərtdir. Azərbaycan özünü əsas enerji mənbələri ilə tam təmin edir və hətta enerji ixrac edir. Eyni zamanda, bərpaolunan enerji sahəsində imzalanmış müqavilələr gələcəkdə generasiya gücünü daha da artıracaq. Bizim enerji güclərimiz ölkənin inkişafını dəstəkləməlidir.

Dövlət başçısı qlobal maliyyə fondları və aparıcı şirkətlərlə mövcud əlaqələrin də böyük üstünlük olduğunu vurğulamışdır. Azərbaycan Dövlət Neft Fondu dünyanın ən böyük maliyyə qurumları ilə əməkdaşlıq edir və bu fondlar vasitəsilə investisiyaların ölkəyə cəlb olunması istiqamətində konkret layihələr üzərində iş aparılır. ABŞ və Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, eləcə də Avropa İttifaqına üzv 10 ölkə və Çin Xalq Respublikası ilə imzalanmış strateji sənədlər Azərbaycanın qlobal güc mərkəzləri ilə əməkdaşlığını daha da gücləndirir.

Prezident İlham Əliyev vahid koordinasiyanın vacibliyini xüsusi qeyd etmişdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət qurumları ilə birlikdə konkret tədbirlər planı hazırlamaq tapşırılmışdır. Hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi vacib olduğu qeyd olunmuşdur.

Prezident İlham Əliyev dövlət xidmətlərinin vahid “mygov” platforması üzərindən həyata keçirilməsinin vacibliyini bildirmişdir. Müxtəlif qurumlar tərəfindən yaradılmış platformalar tədricən vahid mərkəzdə birləşdirilməli, vətəndaşlara bütün xidmətlər bir ünvandan təqdim olunmalıdır.

Vurğulanmışdır ki, kadr hazırlığı məsələsi də əsas istiqamətlərdən biridir. Ali məktəblərdə və orta təhsil müəssisələrində rəqəmsal bacarıqların inkişafına daha çox diqqət yetirilməli, xaricdə təhsil proqramları çərçivəsində bu ixtisaslar üzrə mütəxəssislər hazırlanmalıdır. Gələcəkdə bu sahədə peşəkar kadrlara böyük ehtiyac yaranacağı bildirilmişdir. Tələbələrin müvafiq ixtisaslar üzrə peşəkarlığı artırılmalıdır.

Süni intellektin dövlət idarəçiliyində tətbiqi, qərarların qəbulunda texnoloji dəstəyin artırılması və özəl sektora müvafiq təşviq mexanizmlərinin yaradılması da mühüm vəzifələr kimi müəyyən edilmişdir. Eyni zamanda, kibertəhlükəsizlik sahəsinə xüsusi diqqət yetirilməli, mövcud Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti gücləndirilməlidir. Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir.

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın rəqəmsal gələcəyinin strateji istiqamətlərini müəyyən edir. Mövcud üstünlüklərdən səmərəli istifadə etməklə, güclü enerji və infrastruktur bazasına, beynəlxalq tərəfdaşlıqlara və investisiya imkanlarına əsaslanaraq Azərbaycan rəqəmsal transformasiya sahəsində regionun aparıcı ölkələrindən birinə çevrilməyi hədəfləyir. Yeni fəaliyyət planının uğurlu, səmərəli icrası Azərbaycanın inkişaf modelində yeni mərhələni möhkəmləndirəcəkdir.

Qadir İbrahimov

Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri

Digər xəbərlər