Azərbaycanın xarici siyasət uğurları davamlıdır. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri ölkəsi ilə Azərbaycan arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinin təqdimatında əhəmiyyətli rol oynadı. Hazırda səfər, həmçinin səfər çərçivəsində iki ölkənin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqləyən Strateji Tərəfdaşlıq haqqında Xartiya ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır.
Bu səfər ABŞ-ın Azərbaycana və regionda həyata keçirilən siyasətə verdiyi önəmi bir daha nümayiş etdirdi. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı, siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri diqqət mərkəzində oldu. Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq. Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Cənab İlham Əliyev, həmçinin vurğuladı ki, artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik. Biz bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə çox minnətdarıq. Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, 2025-ci il Amerika-Azərbaycan münasibətlərində də böyük dönüş ili oldu. Bayden administrasiyası dövründə tənəzzülə uğramış Amerika-Azərbaycan münasibətləri Donald Tramp administrasiyası dövründə yeni inkişaf dövrünü yaşayır. ABŞ-ın bölgədə sülh və sabitliyin möhkəmləndirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirməsi ölkəmizin artan geosiyasi əhəmiyyətini bir daha göstərir. Bu səfər, eyni zamanda, ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirməklə yanaşı, qarşılıqlı etimada, bərabərhüquqlu əməkdaşlığa və ümumi maraqlara əsaslanan tərəfdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə inam yaradır. Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri