Prezident İlham Əliyev tərəfindən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirilən fikirlər ölkəmizin inkişaf strategiyasında yeni, strateji mərhələnin başlanğıcını göstərir. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, müasir dövrdə rəqəmsal transformasiya dövlətlərin iqtisadi gücünü, idarəetmə effektivliyini və milli təhlükəsizliyini müəyyən edən əsas amillərdən biridir. Cənab Prezident qeyd etdi ki, Bizim bir çox üstünlüklərimiz var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir və bu strateji mövqe Azərbaycanı təkcə nəqliyyat və logistika sahəsində deyil, həm də regional rəqəmsal tranzit və məlumat mübadiləsi mərkəzinə çevirmək üçün geniş imkanlar yaradır. Şərq ilə Qərb arasında yerləşən ölkəmiz üçün rəqəmsal dəhlizlərin qurulması, beynəlxalq platformalara inteqrasiyanın gücləndirilməsi, informasiya təhlükəsizliyinin təmin olunması və modern infrastrukturların formalaşdırılması prioritet istiqamətlər kimi müəyyən edilib. Ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla bizim sıx əlaqələrimiz var və bu əməkdaşlıq innovativ layihələrin həyata keçirilməsinə, yeni texnologiyaların ölkəyə gətirilməsinə və qeyri-neft sektorunun inkişafına mühüm dəstək verir.
Ölkəmizin başçısı bildirib ki, süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır, bu, idarəetmədə qərarverməni daha operativ və analitik əsaslı edəcək, şəffaflığı və hesabatlılığı gücləndirəcək. Elektron hökumət sisteminin təkmilləşdirilməsi, dövlət informasiya bazalarının vahid platformada inteqrasiyası, vətəndaşlara göstərilən xidmətlərin tam rəqəmsallaşdırılması və regionlarda rəqəmsal əlçatanlığın təmin olunması qarşıya qoyulan əsas vəzifələr sırasındadır. Prezident İlham Əliyev vurğulayıb ki, rəqəmsallaşma yalnız texniki yenilik deyil, idarəetmə fəlsəfəsinin müasirləşdirilməsidir və burada əsas məqsəd vətəndaş məmnunluğunun təmin olunmasıdır. Kibertəhlükəsizliyin gücləndirilməsi, insan kapitalının inkişafı, təhsil sistemində rəqəmsal bacarıqların artırılması, startap və innovasiya ekosisteminin genişləndirilməsi bu strategiyanın dayanıqlığını təmin edəcək. Yeni rəqəmsal arxitektura Azərbaycanın iqtisadi şaxələndirməsini sürətləndirəcək, dövlət idarəçiliyini daha çevik edəcək və ölkəmizin qlobal rəqəmsal məkandakı mövqeyini daha da möhkəmləndirəcək.
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı