PDF Oxu

Siyasət

  • 1 173

Azərbaycan – Serbiya: strateji tərəfdaşlıq münasibətləri

image

Prezident İlham Əliyev: “Bizim gələcək üçün də açıq-aydın planlarımız var”

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Beynəlxalq təşkilatların rəhbərləri ilə, ayrı-ayrı dövlət başçıları ilə keçirilən işgüzar görüşlər, əldə olunan razılaşmalar, imzalanan sənədlər bir daha sübut edir ki, Azərbaycan regionun lider ölkəsidir və onun iştirakı olmadan Cənubi Qafqaz regionunda heç bir layihə, heç bir anlaşma reallaşa bilməz. Bu günlər bir çox Avropa ölkələri mövcud Azərbaycan reallıqlarını düzgün qiymətləndirərək, sözü ilə, imzası bir olan, etibarlı tərəfdaş kimi qəbul edilən, Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verən Azərbaycanla əməkdaşlıq etməyə, əlaqələr qurmağa səy göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri dövlətlərarası ikitərəfli və çoxşaxəli əməkdaşlığın uğurlu inkişafına söykənir. Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında iki ölkənin gələcəklə bağlı planlarından danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Bunlar həm siyasi, həm iqtisadi, energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahəsində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”.Dövlətimizin başçısının səfərində mühüm əhəmiyyətli sənədlər imzalanıb. Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün iqtisadiyyatın müxtəlif sahələrində istifadə olunmamış böyük potensial var. 2013-cü ildən etibarən iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq çərçivəsində, tam anlaşma və qarşılıqlı maraqlarımıza hörmət şəraitində inkişaf edir. Səfər zamanı siyasi əməkdaşlıq, beynəlxalq arenada qarşılıqlı dəstək, enerji, kənd təsərrüfatı kimi qarşılıqlı maraq doğuran ən mühüm məsələlərin yüksək səviyyədə müzakirəsi mümkün olub. Belə ki, fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi olub.“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş”i, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Serbiya Respublikasının İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Serbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2026-2030-cu illər üçün mədəniyyət sahəsində Əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Serbiya Respublikasının İdman Nazirliyi arasında idman sahəsində Anlaşma Memorandumu” və digər sənədlər imzalanıb.
“BU GÜN SERBİYA TƏBİİ SƏRVƏTLƏRİ OLMAYAN BİR ÖLKƏ OLMASINA BAXMAYARAQ, İQTİSADİ CƏHƏTDƏN UĞURLA İNKİŞAF EDİR”
“Sizin (Prezident Vuçiç – red.) rəhbərliyiniz altında Serbiya uğurla inkişaf edir, həm beynəlxalq müstəvidə böyük hörmət qazanmışdır, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılmışdır”. Bu sözləri Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında söyləyib.Dövlətimizin başçısı deyib ki, bunun nəticəsində bu gün Serbiya təbii sərvətləri olmayan bir ölkə olmasına baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu, xüsusi amil kimi qiymətləndirilməlidir.Müxtəlif sahələr üzrə sənədlərin imzalanması da Azərbaycan-Serbiya münasibətlərinin yeni mərhələyə qədəm qoymasından xəbər verir. Serbiya Prezidenti Aleksandar Vuçiçin mətbuata bəyanatla çıxışında ölkəmiz haqqında dediyi xoş sözlər hər birimizdə qürur hissi yaratdı. “İstərdim ki, azərbaycanlılar Serbiyaya tez-tez səfər etsinlər. Rahatlıq, əmin-amanlıq, təhlükəsizlik tam şəkildə təmin edilir”.Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.“Hər iki ölkədə təhlükəsizlik ən yüksək səviyyədədir və bizim Azərbaycan xalqı ilə olan birbaşa təmaslarımız da vacibdir”, - deyə Serbiya Prezidenti əlavə edib.Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər