XXI əsr reallıqları fonuda Azərbaycan öz gələcək modelini rəqəmsal arxitektura üzərində qurmağa başlayıb. Mühüm layıhələrin müəllifi olan Azərbaycan rəqəmsal dövrdə məlumat infrastrukturu qurulmasını hədəfləyir.Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlət başçısı Azərbaycanın hər bir sahədə qazandığı uğurların təqdimatı ilə yanaşı, müasir dünyada süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı dərin islahatların artıq zərurətə çevrildiyini vurğuladı.
Ölkə başçısı çıxışında “Azərbaycanın yeni rəqəmsal memarlığı” adlanan vahid fəaliyyət planını ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm hissəsi kimi təqdim edib. Dövlət başçısı vurğulayıb ki, rəqəmsallaşma artıq alternativ deyil, dövlət idarəçiliyi, iqtisadiyyat və ictimai xidmətlərin effektivliyinin artırılması üçün əsas vasitəyə çevrilib. Eyni zamanda rəqəmsal təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilib. Dövlət başçısı kibertəhlükəsizliyin milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyini vurğulayıb və informasiya infrastrukturunun qorunmasının prioritet olduğunu bildirib. Bu yanaşma təsadüfi deyil. Çünki rəqəmsal inkişaf texnoloji məsələ olmaqdan başqa, həm də iqtisadi dayanıqlılıq və qlobal rəqabət qabiliyyəti məsələsidir. Azərbaycanın bu sahədə mühüm üstünlükləri mövcuddur. İlk növbədə diqqəti çəkən ölkənin əlverişli coğrafi yerləşmə mövqeyidir. Mühüm nəqliyyat dəhlizlərinin mərkəzində dayanan Azərbaycan artıq regionun əsas bağlantı qovşaqlarından birinə çevrilib.
Cənab Prezidentin vurğuladığı kimi, hazırki nəqliyyat və enerji dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərə transformasiya olunacaqdır. Bu isə, Azərbaycanın yalnız enerji tranziti ölkəsi deyil, həm də rəqəmsal məlumat axınının etibarlı platformasına çevrilməsi deməkdir. Neft-qaz layihələri çərçivəsində formalaşmış beynəlxalq əməkdaşlıq təcrübəsi də bu mərhələyə keçid üçün ciddi əsas verir. Rəqəmsal arxitektura yalnız texnologiya deyil, o, kadr hazırlığı, açıq məlumat mədəniyyəti və real islahatlar tələb edir. Əgər bunlar paralel getməzsə, işlək mexanizmin yoxluğu üzə çıxır.
Azərbaycanda yeni data mərkəzlərinin istifadəyə verilməsi onu təkçə məlumat istehlak edən deyil, həm də məlumat idarə edən ölkəyə çevrilməsi deməkdir. Müasir dövrün tələbi ilə rəqəmsal texnologiyalar artıq rəqabət qabiliyyəti üçün əsas vasitə kimi qiymətləndirilir. Rəqəmsal transformasiya konkret zaman kəsiyində görülən işdir. Mexnizm yeni texnologiyaların tətbiqinə, dövlət xidmətlərinin yaxşılaşdırılmasına və iş səmərəliliyinin artırılmasına yönəldilir. Vətəndaşlar və təşkilatlar üçün alətlər və sistemlər yaradılır. Bütün bunlar dövlət xidmətləri portalı, məlumat bazaları, onlayn xidmətlər qarşılıqlı əlaqələri asanlaşdırmağa imkan verir.
Rəqəmsal platformaların çatışmazlığı, əhatə edilən sahələrdə xidmətlərin zəif inteqrasiyasına, müasir texnologiyalara girişin məhdudiyyətinə və ya müəssisələr arasında kifayət qədər koordinasiyanın olmamasına gətirib çıxarır. Bəs boşliuqlar necə doldurulmalıdır? Rəqəmsal transformasiya modeli məhz bu çatışmazlığı aradan qaldırmaq üçün nəzərdə tutulub. Rahat xidmətlər yaratmaq, şəffaflığı artırmaq, prosesləri sürətləndirmək və bu xidmətlərə çıxşın təmin edilməsi məhz bu platformanın bəhrəsi olaraq özünü göstərir.
Rəqəmsal arxitektura dedikdə rəqəmsal idarəetmə və xidmətlərin əsasını yaradan platformalar, sistemlər və texnologiyalar məcmusu nəzərdə tutulur. Bu platforma məlumatların qorunmasını və xarici təhdidlərdən asılılığın olmamasını təmin edir. Müasir rəqəmsal sistemlərin mövcudluğu ölkənin və biznesin rəqabətliliyini artırır, innovasiyaları sürətləndirir, milli təhlükəsizliyi gücləndirir. Müasir dövrdə rəqəmsallaşma yalnız texnoloji proses deyil, həm də strateji amilə çevrilib. Rəqəmsal arxitektura olmadan təhlükəsizliyi təmin etmək mümkün deyil, eyni zamanda qlobal iqtisadiyyatda mövqelərin qorunmasından da söhbət gedə bilməz.
Bir sözlə, rəqəmsal arxitektura həm qoruyucu qalxan, həm də sürətli inkişafın təməli deməkdir. Rəqəmsallaşma modeli gələcəyə yatırım kimi sayıla bilər. Zaman keçdikcə onun dəyəri, rəqabət qabiliyyəti açıq şəkildə görünür.
Ölkə başçısı rəqəmsal transformasiya qısamüddətli yox, uzunmüddətli proses olduğunu vurğuladı və buna uyğun olaraq təhsil proqramlarında sistemli dəyişikliklər edilməsini tövsiyyə etdi. İbtidai siniflərdən başlayaraq şagirdlər rəqəmsal savadlılıq, internetdən təhlükəsiz istifadə, texnologiyadan sadəcə istifadəçi kimi deyil, anlayaraq istifadə etməyi öyrənməlidirlər. Bununla yanşı proqramlaşdırma, alqoritmlər blok əsaslı kodlaşdırma haqqında təsəvvürləri inkişaf etdirilməsi də vacibdir. Yeni data mərkəzlərinin yaradılması, regional rəqəmsal qovşaqların formalaşdırılması və beynəlxalq məlumat mübadiləsinin gücləndirilməsi Azərbaycanın rəqəmsal xəritədə mövqeyini daha da möhkəmləndirəcək. Süni intellektin tətbiqi isə yalnız texnoloji yenilik deyil, eyni zamanda dövlət idarəçiliyində səmərəliliyin artırılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və şəffaflığın təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Beləliklə Azərbaycanın regionda təkcə tranzit ölkə kimi deyil, çoxşaxəli strateji platforma formalaşdırması labüddür. Əminliklə demək olar ki, Orta Dəhliz artıq informasiya və texnologiya xəttinə çevrilmək potensialına malikdir. Bu isə Cənubi Qafqazda həm etibarlı logistika mərkəzi, həm də rəqəmsal bağlantı və data axını üçün mərkəz rolunu oynamaq deməkdir.
Məhsəti Məmmədova
YAP Yasamal rayon “H.B.Zərdabi pr.59” (4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini