PDF Oxu

Siyasət

  • 507

Azərbaycanın rəqəmsal suverenlik strategiyası - ŞƏRH

image

Artıq müasir dünya ölkələrinin gücü verdiyi qərarlarla, yaxud fiziki sərhədlərinin toxunulmazlığı ilə deyil, serverlərdə emal olunan rəqəmsal kodlarla, görünməz data axınları ilə yazılır. Hansı dövlətin gələcəkdə qlobal iyerarxiyada söz sahibi olacağını artıq neft quyularının sayı deyil, saniyədə emal edilən məlumatın həcmi və o məlumatdan çıxarılan "ağıllı" nəticələr müəyyən edir. Bu gün qlobal rəqabət yalnız təbii resurslar üzərində deyil, texnoloji üstünlük və məlumatın intellektual idarəedilməsi üzərində qurulur. Rəqəmsallaşma sadəcə xidmətlərin elektron formaya keçməsi deyil, dövlət idarəçiliyindən tutmuş iqtisadiyyatın bütün sisteminin yenidən dizayn edilməsidir.

11 fevral 2026-cı il tarixdə İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirildi. Həmin müşavirədə İlham Əliyev - süni intellektin dövlət idarəçiliyinə inteqrasiyasını və data suverenliyini milli təhlükəsizlik məsələsi kimi qaldıraraq çox mühüm mesajlar vermişdir. O vurğulamışdır ki, “Azərbaycanın milli məlumatları – vətəndaşların datası, dövlət sirləri və iqtisadi göstəricilər ölkə daxilindəki müasir data mərkəzlərində saxlanılmalıdır. Bu, həm kibertəhlükəsizlik, həm də ölkənin "rəqəmsal suverenliyi" üçün təməl şərtdir. Hökumət Buludu" (G-Cloud) layihəsi vasitəsilə dövlət qurumlarının pərakəndə elektron bazaları vahid və təhlükəsiz mərkəzdə birləşməlidir”.

Rəqəmsal transformasiyanın ən mühüm tərəflərindən biri də iqtisadi tərəqqidir. Çünki gələcəyin iqtisadiyyatı "İT sektoru" üzərində qurulur. Data mərkəzlərinin və süni intellekt sahəsinin inkişafı ölkədə minlərlə yeni iş yerinin açılması deməkdir. Lakin bu iş yerləri üçün yeni nəsil kadrlar — proqramçılar, data analitikləri, kibertəhlükəsizlik mütəxəssisləri lazımdır. Bu səbəbdən təhsil sahəsindəki rəqəmsal islahatlar da bu zəncirin bir hissəsidir. Azərbaycan gənclərinin bu sahəyə marağının artırılması və yüksək texnologiyalar üzrə təhsil alması ölkənin qlobal bazarda "ağıllı güc" kimi tanınmasına xidmət edir.

Süni intellektin tətbiqi, data mərkəzlərinin qurulması və rəqəmsallaşma islahatları sadəcə texnoloji bir seçim deyil, dövlətlərin sağ qalmaq və inkişaf etmək strategiyasıdır. Bu gün elə bir dövrə qədəm qoyulub ki, məlumatı (datanı) idarə edə bilməyən ölkələr iqtisadi və siyasi müstəqilliklərini qorumaqda çətinlik çəkəcəklər. Çünki məlumatların milli serverlərdə təhlükəsiz saxlanılması, süni intellekt vasitəsilə səmərəli qərarların verilməsi və rəqəmsal islahatlarla bürokratiyanın aradan qaldırılması müasir və güclü dövlət modelinin ayrılmaz hissələridir.

​ Azərbaycan üçün bu rəqəmsal transformasiya yeni bir inkişaf erasının başlanğıcıdır. Ölkəmiz neft kapitalını insan kapitalına və yüksək texnologiyalara çevirmək yolunda inamlı addımlar atır. ​Bu yolun sonunda Azərbaycan təkcə iqtisadi cəhətdən deyil, həm də sosial baxımdan daha rahat, şəffaf və rəqabətədavamlı bir ölkəyə çevriləcəkdir. Gənclərimizin rəqəmsal savadlılığının artırılması və dövlətin innovasiyalara verdiyi dəstək bizi rəqəmsal dünyanın aparıcı dövlətlərindən birinə çevirəcəkdir. Unutmamalıyıq ki, gələcək rəqəmsal zəka üzərində qurulur və Azərbaycan bu gələcəyə tam hazır və qətiyyətlə irəliləyir.

Türkanə Kərimova

YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər