PDF Oxu

Siyasət

  • 550

Azərbaycan-Serbiya əməkdaşlığında yeni üfüqlər - TƏHLİL

image

Prezident İlham Əliyev: "Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır"

Azərbaycanın dünya dövlətləri ilə iqtisadi, mədəni, siyasi və digər sahələrdə münasibətlərinin sıxlaşması əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Serbiya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib və strateji tərəfdaşlıq zəminində qurulmuş münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir. Dövlətlərarası münasibətlər iqtisadiyyat, enerji və digər sahələrdə yeni prespektivlərə yol açmışdır. Serbiya və Monteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında ikitərəfli diplomatik münasibətlər davamlı olaraq həyata keçirilir. 2011-ci il tarixində Azərbaycanın Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri olub. Səfər çərçivəsində Serbiyada Azərbaycan səfirliyi açılıb. Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda Serbiyanı dəstəkləyib və ölkələrimizdə səfirliklərin açılması da ikitərəfli əməkdaşlığa öz mühüm töhfələrini verir. 2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə, eləcə də 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı əhəmiyyət kəsb edir. Dövlətlərarası strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr ildən-ilə genişlənir. Əlbəttə ki, ikitərəfli əlaqələrin daha da geniş miqyas alması üçün potensial böyükdür. 21-22 may 2018-ci il tarixlərində Serbiya Prezidenti Aleksadar Vuçiçinin Azərbaycana rəsmi səfəri mövcud əlaqələrin davamı kimi dəyərləndirilir. 3-6 aprel 2018-ci il tarixlərində isə Serbiya Respublikası Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç Azərbaycana işgüzar səfər etmişdir. Daha sonra 21-26 oktyabr 2019-cu il tarixlərində Serbiya Respublikası Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç Azərbaycana işgüzar səfər etmişdir. Dövlətlərarası münasibətlər iqtisadiyyat, enerji sahələrində yeni prespektivlərə yol açmışdır.

Onu da vurğulamaq yerinə düşər ki, parlamentlərarası əlaqələr də mövcuddur. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan-Serbiya əlaqələrindən söz açarkən Azərbaycan və Serbiyanın şəhərlərində iki ölkənin xalqlarının görkəmli şəxsiyyətlərinin xatirəsinə ucaldılmış abidələri də qeyd etməliyik. Serbiyaya Ulu Öndər Heydər Əliyevin və böyük bəstəkar Üzeyir Hacıbəylinin abidələri açılıb. 2013-cü il fevralın 8-də isə Bakının mərkəzində serb xalqının görkəmli alimi Nikola Teslanın abidəsinin açılışı olub. Abidənin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin söylədiyi kimi, artıq bu yer Serbiya-Azərbaycan dostluğu parkıdır. Serbiya və Azərbaycan xalqlarının görkəmli nümayəndələrinin şərəfinə həm Serbiyada, həm də Azərbaycanda ucaldılmış abidələr xalqlarımızı, ölkələrimizi daha da sıx birləşdirir. Bu əlamətdar hadisələr Serbiya-Azərbaycan dostluğunun təzahürüdür.

"HƏM SİYASi, HƏM İQTİSADİ, HƏM DƏ ENERGETİKA SAHƏSİNDƏ ƏLAQƏLƏRİMİZİ DAHA DA GÜCLƏNDİRƏCƏYİK "

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri çərçivəsində dövlət başçıları vacib məsələləri müzakirə edib və bir sıra sənədlər imzalanıb. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Sözsüz ki, rəsmi görüş və sənədlərin imzalanması əlaqələrin daha da genişlənməsinə yeni imkanlar açır. Bu sənədlərin imzalanması əməkdaşlığın yeni müstəviyə qalxması deməkdir. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan və Serbiya beynəlxalq münasibətlər sistemində bir-birinin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz dəstəkləyən nadir tərəfdaşlardandır. Ölkəmizin başçısının Belqradda yüksək səviyyədə qarşılanması və liderlərin iştirakı ilə Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının keçirilməsi bu münasibətlərin artıq, sadəcə diplomatik əməkdaşlıq deyil, ali strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini nümayiş etdirdi. Bu səfər Rəsmi Bakı və Belqradın münasibətləri ənənəvi ticarət çərçivəsindən çıxararaq, daha geniş və uzunmüddətli əməkdaşlıq modeli əsasında inkişaf etdirmək niyyətini sübut etdi.

“Bu gün Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında bir çox məsələlər müzakirə edildi. Ondan əvvəl biz təkbətək görüşümüzdə məsələlərin geniş spektrinə toxunduq. Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanata çıxışında bildirib.

”BU GÜN AZƏRBAYCANIN ENERGETiKA SAHƏSİNDƏ İXRAC POTENSİALI 2 GİQAVATA BƏRABƏRDİR”

Qeyd edək ki, birgə inşa ediləcək elektrik stansiyası layihəsi Serbiyanın daxili enerji istehsal gücünü artıracaq və regional bazarda rəqabət qabiliyyətini yüksəldəcək. Serbiyanın əlverişli investisiya mühiti formalaşdırması və Azərbaycanın bu prosesdə fəal iştirakı iki ölkə arasında iqtisadi etimadın ən yüksək həddə olduğunun təzahürüdür. “Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq”, - deyə Prezident bildirib.

Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri Azərbaycan–Serbiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində möhkəmləndiyini və yeni çoxşaxəli əməkdaşlıq mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Siyasi etimad, qarşılıqlı dəstək, enerji təhlükəsizliyi, investisiya layihələri və yaşıl enerji perspektivləri bu tərəfdaşlığın əsas sütunlarını təşkil edir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər