"Azərbaycan–Serbiya münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etməsi həm regional, həm də qlobal geosiyasi proseslər baxımından mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq təkcə ikitərəfli iqtisadi əlaqələrin genişlənməsi ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması və Balkan regionunda strateji mövqeyinin möhkəmlənməsi baxımından da diqqətəlayiqdir".Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.Onun sözlərinə görə, Avropa son illərdə enerji mənbələrinin şaxələndirilməsi siyasətinə xüsusi önəm verir: "Bu kontekstdə Azərbaycan etibarlı və uzunmüddətli tərəfdaş kimi çıxış edərək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya alternativ enerji tədarükçüsünə çevrilib. Serbiya ilə əməkdaşlığın genişləndirilməsi isə Azərbaycanın enerji ixrac coğrafiyasını Balkanlara doğru genişləndirir. Bu, bir tərəfdən Avropanın enerji təhlükəsizliyinə töhfə verirsə, digər tərəfdən Azərbaycanın geoiqtisadi və geosiyasi çəkisini artırır. Serbiya Azərbaycanın enerji resurslarına çıxış əldə etməklə enerji asılılığını azaltmaq və iqtisadi sabitliyini gücləndirmək imkanı qazanır. Bununla yanaşı, Azərbaycan Serbiyada enerji infrastrukturu, qaz təchizatı və digər investisiya layihələrində iştirak etməklə Balkan regionunda iqtisadi mövcudluğunu genişləndirir. Bu cür layihələr uzunmüddətli strateji əməkdaşlığın formalaşmasına və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.Eyni zamanda, Azərbaycan–Serbiya münasibətləri siyasi müstəvidə də qarşılıqlı dəstək prinsipləri üzərində qurulub. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin suverenliyi və ərazi bütövlüyü məsələlərində prinsipial mövqe nümayiş etdirir. Bu amil münasibətlərin strateji xarakter almasına və siyasi dialoqun dərinləşməsinə şərait yaradır. Balkan regionu Avropa ilə Avrasiya arasında mühüm geosiyasi məkan hesab olunur. Azərbaycanın bu regionda mövcudluğunu artırması onun yalnız enerji ixracatçısı kimi deyil, həm də regional sabitliyə və iqtisadi inkişaf proseslərinə töhfə verən tərəfdaş kimi qəbul olunmasına imkan yaradır. Bu isə ölkənin Avropa məkanında siyasi nüfuzunun güclənməsinə və yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır.Ümumilikdə, Azərbaycan–Serbiya əməkdaşlığı ikitərəfli münasibətlər çərçivəsindən çıxaraq daha geniş regional və qlobal kontekstdə qiymətləndirilməlidir. Energetika sahəsində tərəfdaşlığın dərinləşməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əsas aktorlardan biri kimi mövqeyini möhkəmləndirir, eyni zamanda ölkənin siyasi və iqtisadi təsir imkanlarını genişləndirir".
Müəllif: Ziya Hikmətoğlu