“Azərbaycanla Serbiya arasında münasibətlərin bugünkü mərhələsi, sadəcə siyasi dialoqun fəallaşması ilə məhdudlaşmır. Bu əməkdaşlıq artıq institusional əsaslar üzərində qurulan strateji tərəfdaşlıq formatına keçib. Azərbaycan Prezidentinin bu ölkəyə rəsmi səfəri, səfər çərçivəsində prezidentlər İlham Əliyev və Aleksandar Vuçiçin iştirakı ilə Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsi Bakı ilə Belqrad arasında münasibətlərin sistemli koordinasiya mərhələsinə qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirdi”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, burada söhbət formal bəyanatlardan getmir, çünki Strateji Tərəfdaşlıq Şurasının yaradılması ikitərəfli əlaqələrə daimi mexanizm qazandırır. Bu mexanizm nəticəsində razılaşmaların icrasına nəzarət, prioritetlərin uzlaşdırılması və əməkdaşlığın real məzmunla doldurulması üçün konkret platforma formalaşır. Qlobal qeyri-sabitlik fonunda orta gücə malik dövlətlərin etibarlı tərəfdaşlıqlara ehtiyac duyduğu bir dövrdə bu cür formatlar xüsusi əhəmiyyət kəsb edir.
Millət vəkilinin sözlərinə görə, hazırda Azərbaycan və Serbiya arasında qarşılıqlı münasibətlər bir neçə əsas istiqamət üzrə inkişaf edir: “İlk növbədə siyasi ölçü diqqət çəkir. Bakı və Belqrad suverenlik və ərazi bütövlüyü prinsiplərinə ardıcıl sadiqlik nümayiş etdirir. Müasir beynəlxalq münasibətlər sistemində bu, artıq sıradan yanaşma deyil — selektiv hüquq tətbiqinin geniş yayıldığı şəraitdə belə mövqelər xüsusi siyasi çəkidədir. Azərbaycan və Serbiya arasında formalaşan qarşılıqlı etimad məhz bu prinsiplər üzərində qurulur”.
Enerji sahəsinin də əməkdaşlığın əsas sütunlarından biri olduğunu deyən deputatın fikrincə, Serbiya üçün enerji mənbələrinin şaxələndirilməsi milli təhlükəsizlik məsələsinə çevrilib. Azərbaycan isə mövcud enerji potensialı və ixrac infrastrukturu ilə Balkan regionunun enerji dayanıqlığının gücləndirilməsində mühüm tərəfdaş kimi çıxış edir. Paralel olaraq Bakı üçün Serbiya istiqaməti Avropa bazarlarında mövqelərin genişləndirilməsi strategiyasının tərkib hissəsinə çevrilir. Lakin iqtisadi gündəlik təkcə energetika ilə məhdudlaşmır. Nəqliyyat, logistika, infrastruktur və investisiya əməkdaşlığı da xüsusi yer tutur. Birbaşa kommunikasiya xətlərinin, o cümlədən hava əlaqəsinin inkişafı biznes təmasları, humanitar mübadilələr və turizm axınları üçün əlavə imkanlar yaradır. Bu, eyni zamanda kiçik və orta sahibkarlığın prosesə cəlb olunmasına, birgə layihələrin reallaşmasına zəmin formalaşdırır.
Sevinc Fətəliyeva deyib ki, Azərbaycan–Serbiya yaxınlaşmasını daha geniş geosiyasi kontekstdə də qiymətləndirmək lazımdır. Bu əməkdaşlıq Bakının çoxtərəfli xarici siyasət kursuna uyğun olaraq tərəfdaşlıqların diversifikasiyası və Avropa məkanı ilə əlaqələrin dərinləşdirilməsi xəttinin tərkib hissəsidir. Balkan istiqaməti artıq ayrıca strateji məna daşıyır və Azərbaycanın Avropa siyasi-iqtisadi məkanına inteqrasiyasında əlavə kanal rolunu oynayır. Serbiya üçün isə Azərbaycanla tərəfdaşlıq xarici iqtisadi əlaqələrin genişləndirilməsi, mənbələrin şaxələndirilməsi və manevr imkanlarının artırılması baxımından əhəmiyyətlidir. Qlobal rəqabətin sərtləşdiyi və bazar konfiqurasiyasının dəyişdiyi şəraitdə bu cür münasibətlər strateji üstünlük yaradır.
Diqqətçəkən məqam ondan ibarətdir ki, Bakı ilə Belqrad arasında dialoq abstrakt formullara deyil, konkret layihələrə və icra mexanizmlərinə əsaslanır. Bu isə münasibətlərin yetkin mərhələyə çatdığını göstərir. Strateji Tərəfdaşlıq Şurası ikitərəfli əməkdaşlıq üçün yeni standart müəyyən edir - strukturlaşdırılmış yanaşma, müntəzəm təmaslar və ölçülə bilən nəticələr. Eyni zamanda, əməkdaşlıq potensialı hələ tam reallaşdırılmayıb. “Yaşıl” enerji, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, innovasiya və təhsil sahələri yeni inkişaf nöqtələri kimi ön plana çıxır. Məhz bu istiqamətlər gələcək mərhələdə tərəfdaşlığa əlavə dinamika verə bilər.
“Ümumilikdə” Azərbaycan–Serbiya münasibətləri göstərir ki, qlobal güc mərkəzləri olmayan dövlətlər də qarşılıqlı faydaya əsaslanan, dayanıqlı və strateji baxımdan düşünülmüş əlaqələr qura bilirlər. Bu tərəfdaşlıq siyasi iradəyə, ortaq maraqlara və müasir dünyanın reallıqlarının düzgün dərk edilməsinə söykənir. Azərbaycan üçün Serbiya istiqaməti Avropa xəttinin mühüm komponentinə çevrilir. Serbiya üçün isə bu əməkdaşlıq daha balanslı və müstəqil xarici iqtisadi strategiyanın formalaşmasına töhfə verir. Region üçünsə bu model praqmatizmə, sabitliyə və konstruktiv dialoqa xidmət edən əlavə amildir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.