Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “ABŞ - Azərbaycan münasibətləri ən yüksək mərhələdədir!” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib, önünə tər güllər düzülüb.
Tədbirdə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, partiya fəalları Ceyhunə Hüseynova, Mübariz Süleymanov, Türkan Allahverdiyeva, şəhid atası Elxan Abdullayev, gənc partiya üzvü Tükəzban Vəliyeva çıxış edərək bildiriblər ki, Möhtərəm Prezident İlham Əliyev cənablarının uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq aləmdəki nüfuzu getdikcə artır, müstəqil, suveren Azərbaycan qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında söz sahibinə çevrilir. Odur ki, bu gün Cənubi Qafqazın lider ölkəsi olan, iqtisadi inkişafına görə dünya ölkələrinin rəğbətini qazanan, çox mühüm, qlobal enerji layihələrini reallaşdıran ölkəmizlə əməkdaşlıq etmək, yüksək səviyyədə münasibətlər qurmaq istəyən ölkələrin sayı günü-gündən artır.
Tramp administrasiyası dövründə əsası qoyulan Azərbaycan-ABŞ münasibətləri də Birləşmiş Ştatların Vitse-prezidenti Vensin ölkəmizə səfəri ilə keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Altı ay əvvəl Vaşinqtonda Prezident Trampın iştirakı ilə başlayan bu proses, Bakıda Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə tamamlanıb.
Natiqlər qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının regionda davamlı sülhün təmin edilməsinə, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, yüksək inkişafa, dinc qonşuluq prinsiplərinə böyük töhfə verəcəyini xüsusi vurğulayaraq, Möhtərəm Prezident İlham Əliyev cənablarının uzaqgörən, müdrik siyasəti nəticəsində 2026 - cı ilin də xalqımız üçün çox uğurlu, yaddaqalan, önəmli bir il olacağına böyük əminliklərini bildiriblər.