PDF Oxu

Siyasət

  • 541

Azərbaycan–Serbiya münasibətlərində yeni mərhələ - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları cari ilin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və mətbuata verilən bəyanatlar Azərbaycan–Serbiya əlaqələrinin artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bir daha təsdiq etdi.

Səfər zamanı Prezident İlham Əliyev Serbiyanın Prezidenti Aleksandar Vuçiç ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdi. Dövlət başçıları arasında aparılan müzakirələrdə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi və regional sabitlik məsələləri əsas yer tutdu. Görüşlər zamanı vurğulandı ki, Azərbaycan və Serbiya arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dostluq prinsiplərinə əsaslanır.

Mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev bildirdi ki, iki ölkə arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir və artıq konkret nəticələr verməkdədir. O qeyd etdi ki, Azərbaycan Serbiya ilə siyasi əlaqələri daha da möhkəmləndirmək niyyətindədir və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək ənənəsi davam etdiriləcək. Bu amil dövlətlər arasında möhkəm etimad mühitinin göstəricisidir.

Enerji sahəsində əməkdaşlıq səfərin əsas istiqamətlərindən biri oldu. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni qeyd edərək, Serbiyanın da Azərbaycan qazı ilə təmin olunmasının əhəmiyyətini vurğuladı. Bu əməkdaşlıq həm Serbiyanın enerji mənbələrinin şaxələndirilməsinə, həm də regionda enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın enerji strategiyası dost və tərəfdaş ölkələrlə uzunmüddətli və etibarlı əməkdaşlıq prinsipinə əsaslanır.

Səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalandı. Bu sənədlər iqtisadiyyat, energetika və digər sahələr üzrə əməkdaşlığın hüquqi bazasını daha da gücləndirir. Strateji Tərəfdaşlıq Şurasının fəaliyyətə başlaması isə iki ölkə arasında əlaqələrin institusional əsasda inkişafına xidmət edəcək.

Möhtərəm Prezidentimiz bəyanatında vurğuladı ki, Azərbaycan və Serbiya yalnız ikitərəfli münasibətlərdə deyil, həm də beynəlxalq platformalarda bir-birini dəstəkləyən ölkələrdir. Bu qarşılıqlı dəstək regionda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verir.

Ümumilikdə, Prezident İlham Əliyevin Serbiyaya səfəri Azərbaycan–Serbiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Siyasi dialoqun intensivləşməsi, iqtisadi layihələrin genişlənməsi və enerji sahəsində əməkdaşlığın güclənməsi iki ölkə arasında uzunmüddətli və davamlı tərəfdaşlığın möhkəm təməl üzərində qurulduğunu təsdiqləyir. Bu səfər həm regional, həm də beynəlxalq müstəvidə strateji əhəmiyyət daşıyan mühüm diplomatik hadisə kimi tarixə düşür.

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Digər xəbərlər