PDF Oxu

Siyasət

  • 870

Etibarlı siyasi dialoq və qarşılıqlı dəstək modeli - ŞƏRH

image

Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri və səfər çərçivəsində verdiyi bəyanatlar Azərbaycan–Serbiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışında vurğulanan məqamlar iki ölkə arasında formalaşmış etibarlı siyasi dialoqun, qarşılıqlı dəstəyə əsaslanan prinsipial mövqeyin və uzunmüddətli strateji planların konturlarını aydın şəkildə ortaya qoyur.

Prezident İlham Əliyevin “bizim təmaslarımız uzun illərdir ki, davam edir” fikri Azərbaycan–Serbiya münasibətlərinin təsadüfi deyil, sistemli və ardıcıl xarakter daşıdığını göstərir. Bakı ilə Belqrad arasında əlaqələr qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsipləri üzərində qurulub. Serbiyanın Prezidenti Aleksandar Vuçićin liderlik keyfiyyətlərinin xüsusi vurğulanması iki ölkənin oxşar dövlətçilik fəlsəfəsini bölüşdüyünü təsdiqləyir. Həm Azərbaycan, həm də Serbiya mürəkkəb geosiyasi mühitdə milli maraqları prioritet tutaraq müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdürlər.

Beynəlxalq platformalarda qarşılıqlı dəstək – xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində ortaq mövqe – bu tərəfdaşlığın əsas sütunlarındandır. Bu amil iki ölkə arasında strateji etimad mühitini daha da möhkəmləndirir.

Serbiya–Azərbaycan Strateji Şurasının birinci iclasının keçirilməsi əməkdaşlığın institusional çərçivəsinin gücləndirilməsi baxımından mühüm addımdır. Bu mexanizm əlaqələrin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, konkret fəaliyyət planları və yol xəritələri əsasında inkişaf etdiyini göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gələcək üçün “açıq-aydın planlar” mövcuddur. Bu planlar əsasən üç istiqaməti əhatə edir: siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, energetika və nəqliyyat sahələrində sinerjinin gücləndirilməsi.

Xüsusilə nəqliyyat və logistika imkanlarının genişləndirilməsi Orta Dəhliz kontekstində xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Cənubi Qafqazda tranzit və enerji qovşağı kimi mövqeyini möhkəmləndirdiyi bir vaxtda, Serbiya Balkan regionunda strateji logistika mərkəzi rolunu gücləndirməyə çalışır. Bu baxımdan tərəflər arasında yaranan sinerji Avrasiya məkanında yeni əməkdaşlıq konfiqurasiyalarına yol aça bilər.

Səfərin mühüm istiqamətlərindən biri energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi oldu. Prezident İlham Əliyevin “Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır” bəyanatı iqtisadi tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Birgə inşa ediləcək elektrik stansiyası layihəsi yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır. Bu layihə Serbiyanın daxili enerji istehsal gücünü artıracaq, enerji təhlükəsizliyini möhkəmləndirəcək və regional enerji bazarında rəqabət qabiliyyətini yüksəldəcək.

Serbiyada həyata keçirilən islahatlar nəticəsində əlverişli investisiya mühitinin formalaşması xarici investorlar üçün cəlbedici şərait yaradıb. Azərbaycanın bu prosesdə fəal iştirakı iki ölkə arasında iqtisadi etimadın yüksək səviyyədə olduğunu göstərir.

Yaxın zamanda Belqrad və Bakı arasında birbaşa uçuşların açılması planlaşdırılır ki, bu da təmasların daha da intensivləşməsinə xidmət edəcək. Mədəniyyət, idman, iqtisadiyyat, kənd təsərrüfatı, sənaye və hərbi-texniki əməkdaşlıq kimi müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün konkret tapşırıqlar verilib. Energetika, investisiyalar, bərpaolunan enerji, turizm və digər istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur.

Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması və ixrac həcminin artırılması barədə qərar enerji əməkdaşlığının real nəticələrini ortaya qoyur. Azərbaycan qazının Serbiyada elektrik enerjisinə çevrilməsi həm daxili tələbatın ödənilməsi, həm də gələcək ixrac imkanları baxımından əhəmiyyətlidir.

Hazırda Azərbaycanın enerji ixrac potensialının 2 giqavat səviyyəsində olması və 2032-ci ilə qədər əlavə 8 giqavat gücün yaradılması planı ölkənin Avropanın enerji təhlükəsizliyində rolunu daha da artıracaq. Xüsusilə bərpaolunan enerji layihələrinin genişləndirilməsi və yeni transmissiya xətlərinin qurulması Avropa məkanına inteqrasiyanı sürətləndirir. Bu kontekstdə Serbiya ilə əməkdaşlıq həm ənənəvi, həm də yaşıl enerji sahəsində qarşılıqlı faydalı model kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin “biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik” fikri münasibətlərin yüksək dinamika ilə inkişaf etdiyini göstərir. Qarşılıqlı səfərlərin intensivliyi, yüksək səviyyəli dialoq və davamlı siyasi təmaslar strateji tərəfdaşlığın dayanıqlı əsaslara söykəndiyini təsdiqləyir. Səfər çərçivəsində imzalanmış sənədlər ikitərəfli münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirir və əməkdaşlığın konkret istiqamətlər üzrə genişlənməsinə zəmin yaradır.

Səfərin sonunda Prezidentin çıxışını “Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya–Azərbaycan dostluğu!” sözləri ilə yekunlaşdırması münasibətlərin yalnız praqmatik deyil, eyni zamanda səmimi və dostluq ruhuna əsaslandığını göstərdi.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri Azərbaycan–Serbiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində möhkəmləndiyini və yeni, çoxşaxəli əməkdaşlıq mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Siyasi etimad, qarşılıqlı dəstək, enerji təhlükəsizliyi, investisiya layihələri və yaşıl enerji perspektivləri bu tərəfdaşlığın əsas sütunlarını təşkil edir. Müasir geosiyasi şəraitdə müstəqil siyasət yürüdən iki dövlətin əməkdaşlığı həm regional, həm də Avropa kontekstində mühüm əhəmiyyət daşıyır.

Arif Qasımov
YAP Sədərək rayon təşkilatının sədri

Digər xəbərlər