Fevralın 15-də Belqradda keçirilən Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclası diplomatik hadisədən daha artıq məna daşıdı. Bu, ilk olaraq siyasi iradənin nümayişi idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə baş tutan görüş iki dövlətin gələcək kursunu sistemli və institusional əsaslara bağladı. Bu iclas göstərdi ki, Bakı ilə Belqrad arasında münasibətlər artıq sadəcə dostluq müstəvisində deyil — strateji koordinasiya mərhələsindədir. Liderlər səviyyəsində formalaşmış qarşılıqlı etimad hökumətlərarası əməkdaşlıq mexanizmi ilə möhkəmləndirildi. Müasir beynəlxalq sistemdə dövlətlərin əsas sınağı suverenlik və müstəqil qərarvermə qabiliyyətidir. Azərbaycan və Serbiya bu məsələdə oxşar mövqe sərgiləyirlər. Hər iki ölkə üçün ərazi bütövlüyü fundamental prinsipdir. Xarici siyasət milli maraqlara əsaslanır. Dövlətçilik anlayışı siyasi kursun mərkəzində dayanır. Belqrad görüşü bu ortaq baxışın bir daha təsdiqi oldu.
Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, sürətlə dəyişən geosiyasi reallıqlar fonunda daimi məsləhətləşmələr və koordinasiya xüsusi əhəmiyyət kəsb edir. Energetika sahəsində əməkdaşlıq iki ölkənin münasibətlərində əsas lokomotiv rolunu oynayır. Azərbaycan qazının Serbiyaya ixracı artıq reallıqdır. Lakin növbəti mərhələ qazın elektrik enerjisinə çevrilməsi üzrə birgə layihə əməkdaşlığı daha dərin səviyyəyə qaldırır. Bu layihə: Serbiyanın enerji təhlükəsizliyini gücləndirir, Azərbaycanın Avropa məkanında təsir imkanlarını artırır, qarşılıqlı investisiya etimadını möhkəmləndirir. 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünün əldə olunması planı Azərbaycanın enerji strategiyasının miqyasını göstərir. Bu artımın böyük hissəsinin ixraca yönəldilməsi Bakı üçün yeni geosiyasi imkanlar yaradır. Belqrad görüşündə diqqət çəkən əsas məqamlardan biri liderlər arasında siyasi sinxronluğun açıq şəkildə hiss olunması idi. Uzun illərdir davam edən şəxsi təmaslar artıq dövlət siyasətinə çevrilib. Cənab Prezident İlham Əliyevin Serbiyanın Dövlətçilik Günü ilə bağlı söylədiyi fikirlər bu görüşə xüsusi siyasi çalar verdi. Dövlətçilik anlayışının önə çəkilməsi milli maraqların qorunmasının prioritet olduğunu bir daha nümayiş etdirdi.
Cənab Prezident İlham Əliyevin bəyanatında isə siyasi mesajlar çox aydın idi. Mətbuata bəyanatında cənab Prezident İlham Əliyev münasibətlərin xarakterini aydın şəkildə ifadə etdi: “Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır.” Bu fikir münasibətlərin situativ deyil, prinsipial xarakter daşıdığını göstərir. Dövlətimizin başçısını Dövlətçilik Günü ilə bağlı səsləndirdiyi fikirlər isə siyasi fəlsəfəni ortaya qoydu: “Serbiya xalqı bütün dövrlərdə öz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmişdir.” Bu vurğu təsadüfi deyildi. Bu, həm də Azərbaycanın dövlətçilik prinsipinə verdiyi dəyərin diplomatik ifadəsi idi. Enerji əməkdaşlığına toxunaraq Prezident İlham Əliyev qeyd etdi ki: “Biz qərara gəldik ki, ixracın həcmini artıracağıq.” Bu isə konkret siyasi və iqtisadi qərarın açıq elanıdır. Ən nəhayət, bəyanatın emosional kulminasiyası siyasi mesajla tamamlandı: “Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!” Bu ifadə təkcə ritorik çağırış deyil, strateji ittifaqın ictimai təsdiqidir.
Belqrad görüşü ilə Azərbaycan və Serbiya dünyaya açıq mesaj verdi: milli maraqlara əsaslanan, qarşılıqlı hörmətə söykənən və konkret iqtisadi layihələrlə dəstəklənən tərəfdaşlıq uzunömürlü olur. Strateji Tərəfdaşlıq Şurasının ilk iclası münasibətlərin yeni mərhələsini rəsmiləşdirdi. Bu mərhələ prinsipial siyasi mövqe, enerji təhlükəsizliyi üzrə əməkdaşlıq, investisiya etimadı, beynəlxalq platformalarda qarşılıqlı dəstək üzərində qurulub. Əminliklə deyə bilərəm ki, Azərbaycan və Serbiya bu siyasi kursu qətiyyətlə davam etdirəcək və Bakı–Belqrad xətti regional əməkdaşlığın güclü dayaqlarından birinə çevriləcəkdir.
David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri