PDF Oxu

Siyasət

  • 1 012

Beynəlxalq müstəvidə Azərbaycan–Serbiya həmrəyliyi ŞƏRH

image

Azərbaycan və Serbiya arasındakı münasibətlər uzun illər boyu qarşılıqlı hörmət, suverenliyə dəstək və strateji maraqlar üzərində qurulmuşdur. Tarixi baxımdan Serbiyanın Azərbaycanın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanıması və 1997-ci ildə diplomatik münasibətlərin qurulması iki ölkə arasında etimadın ilkin göstəriciləri olmuşdur. Səfirliklərin açılması, parlamentlərarası əməkdaşlıq mexanizmlərinin yaradılması və hökumətlərarası komissiyaların fəaliyyəti bu etimadı institusional zəminə çevirərək davamlı dialoqun əsasını qoymuşdur.

15 fevral 2026-cı il tarixində Prezident İlham Əliyevin Serbiyaya səfəri Azərbaycan-Serbiya strateji tərəfdaşlığının yeni mərhələsini açdı. Belqradda keçirilən yüksək səviyyəli görüşlər zamanı tərəflər qarşılıqlı maraqların gücləndirilməsi məqsədilə iqtisadiyyat, enerji, qida təhlükəsizliyi, mədəniyyət, media, idman və sosial sahələri əhatə edən bir sıra mühüm sənədlər mübadilə etdilər. Bu addım əməkdaşlığı daha da dərinləşdirərək, iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyev səfər çərçivəsində mətbuata bəyanatında Serbiya Prezidentinə və xalqına səmimi təbriklərini çatdıraraq bildirib ki, “Bu gün Sizin milli bayramınızdır, Dövlətçilik Bayramıdır. Buna baxmayaraq, Siz Azərbaycan nümayəndə heyətini qəbul edirsiniz. Biz bunu yüksək münasibətlərin təzahürü kimi qiymətləndiririk. Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır.” Bu sözlər həm də tarixi dostluğun və qarşılıqlı etimadın simvoludur.

Səfər zamanı imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığı yalnız siyasi sahə ilə məhdudlaşdırmır, həm də iqtisadiyyat, sosial sahə və mədəniyyət üzrə əlaqələrin genişləndirilməsinə imkan yaradır. İqtisadi sahədə memorandumlar və sazişlər ticarət əlaqələrinin genişlənməsinə, sərmayələrin cəlb olunmasına və biznes qurumları arasında birbaşa əməkdaşlığa zəmin yaradır. Humanitar və mədəni əməkdaşlıq xalqlar arasında etimadı gücləndirir, milli dəyərlərin və təcrübə mübadiləsinin inkişafına xidmət edir.

Əsas sahələrdən biri kimi energetika Azərbaycan–Serbiya strateji tərəfdaşlığının mərkəzində durur. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır və təbii resursları olmayan ölkələr üçün daxili enerji və istehsalat gücü hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda Azərbaycan qazının Serbiyaya tədarükü başlamış və həcminin artırılması qərara alınmışdır. Bu enerji, Serbiyanın bazarında elektrik enerjisinə çevrilərək təmiz enerji istehsalına da imkan yaradacaq. Prezident İlham Əliyev qeyd edib ki, “Biz 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək.” Bu sözlər Azərbaycanın Avropadakı enerji rolunu və strateji mövqeyini gücləndirmə məqsədini göstərir.

Beynəlxalq müstəvidə əməkdaşlıq da strateji tərəfdaşlığın vacib tərkib hissəsidir. Prezident vurğulayıb ki, “Biz beynəlxalq təşkilatlarda bir-birimizin mövqeyini dəstəkləyirik və qarşılıqlı əməkdaşlığı genişləndirməkdə davam edəcəyik.” Bu yanaşma göstərir ki, iki ölkə yalnız daxili, regional deyil, həm də qlobal səviyyədə qarşılıqlı dəstəyi prioritet sayır.

Sonuncu səfərin nəticələri göstərir ki, Azərbaycan–Serbiya həmrəyliyi yalnız siyasi dialoqdan ibarət deyil: imzalanmış sənədlər əməkdaşlığı daha da dərinləşdirir, enerji və iqtisadi sahələrdə konkret layihələrin həyata keçirilməsinə imkan yaradır, humanitar və sosial əlaqələri gücləndirir. Qarşılıqlı hörmət və strateji dialoq bu həmrəyliyin siyasi və diplomatik aspektlərini möhkəmləndirir. Bu həmrəylik regional sabitliyi, iqtisadi inkişafı və xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir, gələcəkdə enerji, sərmayə, humanitar və regional layihələr üzrə yeni imkanlar açır.

Fərhad Baxışov,

YAP Neftçala rayon təşkilatının əməkdaşı

Digər xəbərlər