Azərbaycan dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrini ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etdirməkdədir. Ölkəmizin iqtisadi potensialını və nüfuzunu düzgün qiymətləndirən aparıcı dövlətlər də respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır.
Serbiya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmuşdur. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin əsası 2008-ci ildə, tərəflərin ərazi bütövlüyü məsələlərində bir-birinə ardıcıl diplomatik dəstək göstərməyə başladığı zaman qoyulub. Azərbaycan və Serbiya dövlət başçılarının siyasi iradəsi və səyləri ilə iki ölkə arasında dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələr ildən ilə uğurla inkişaf edir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir, əhəmiyyətli məsələlərin həllində bir-birinə dəstək verir.
Bugün iki ölkə arasındakı münasibətlər ən yüksək səviyyəyə yüksəlmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri dövlətlərimiz arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsinin təsdiqi kimi yadda qaldı. Səfər çərçivəsində keçirilən görüşlər, liderlərin iştirakı ilə Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının baş tutması siyasi dialoqun möhkəm təməl üzərində qurulduğunu göstərdi. Bu iclas ikitərəfli əlaqələrin daha da gücləndirilməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və konkret layihələr üzrə əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi önəm daşıyır.
Səfər çərçivəsində Belqrad şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.
Çıxışı zamanı Serbiya xalqının bütün dövrlərdə öz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərdiyini, qurbanlar verdiyini, burada dövlətçiliyin, dövlət maraqlarının hər şeydən üstün tutulduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, bu gün Serbiya - təbii sərvətləri olmayan bir ölkə olmsına baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu, xüsusi amil kimi qiymətləndirilməlidir. Dövlət başçısı əlavə edib ki, ölkələrimiz arasında təmaslar uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var.
Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında və prezidentlərin təkbətək görüşündə müzakirə olunan məsələlər arasında gələcək planların olduğunu qeyd edən Prezident İlham Əliyev həmçinin beynəlxalq platformalar, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətinə toxunub. O, diqqətə çatdırıb ki, Azərbaycan və Serbiya bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir və qarşıya qoyulan məqsəd həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, çox güclü bir sinergiya yaratmaqdır.
Azərbaycanın Serbiyanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan dövlətimizin başçısı elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyasının təbii resursları olmayan hər bir ölkənin gələcək inkişafının təminatı olduğunu qeyd edib.
Serbiya ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərindən bəhs edən Prezident İlham Əliyev bu sahədə əlaqələrin çoxşaxəli formatda inkişaf etdiyini bildirərək əlavə edib ki, bir müddət öncə həyata keçirilmiş Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq, ixrac ediləcək qaz elektrik enerjisinə çevrilərək təmiz elektrikin əldə edilməsinə xidmət edəcək. Bunun nəticəsində həm Serbiya daxili bazarı həm də gələcəkdə ixrac üçün əlavə potensial formalaşacaq.
Azərbaycanın uğurla icra edilən enerji strategiyasından danışan ölkəmizin başçısı bildirib ki, tərəfimizdən irəli sürülmüş layihələr böyük töhfələr verir. Hazırda Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir və bir çox bərpaolunan enerji stansiyalarının tikintisi sahəsində Serbiya ilə əməkdaşlıq aparılır, 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü əldə olunacaq ki, bunun da böyük hissəsi ixraca gedəcək.
Serbiyanın Prezidenti Aleksandr Vuçiç və onun nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət etdiyini qeyd edən ölkə başçısı bildirib ki, yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik.
Sözün əsl mənasında etibarlı tərəfdaş olan, dostluq ənənələrinə həmişə sadiq
qalan Azərbaycan bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Şübhəsiz ki, siyasi əlaqələr fonunda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və milli maraqlarımızın təmin olunması Azərbaycanın xarici siyasətinin mühüm uğurudur.
Beləliklə, Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı səsləndirilən bəyanatlar Azərbaycan – Serbiya münasibətlərinin gələcək inkişafına dair nikbin mənzərə yaradır. Bu səfər həm də onunla yadda qaldı ki, ölkələrimiz siyasi dialoqdan real iqtisadi və enerji təhlükəsizliyi platformasına keçid edib. Prezident İlham Əliyevin vurğuladığı kimi bu səfər iki tərəfli əlaqələrin daha da dərinləşməsinə və yeni əməkdaşlıq imkanlarının reallaşmasına xidmət edəcək.
Günay Məmmədli
YAP Yasamal rayonu “Moskva pr. 67” ünvanı üzrə (ADSEA) ərazi partiya təşkilatının sədri