PDF Oxu

Siyasət

  • 1 297

Azərbaycan və Serbiya arasında qarşılıqlı etimada söykənən tərəfdaşlıq güclənir - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına həyata keçirdiyi rəsmi səfər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər Azərbaycan–Serbiya münasibətlərinin dinamik inkişafının bariz nümunəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyev Serbiya rəsmiləri ilə birgə mətbuata bəyanatında vurğulayıb ki, Azərbaycan ilə Serbiya arasında münasibətlər dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədə qurulub və müntəzəm xarakter daşıyır. Bu isə müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradır.

Səfər zamanı imzalanmış sənədlər ikitərəfli münasibətlərin hüquqi bazasının daha da möhkəmləndirilməsinə xidmət edir. Xüsusilə iqtisadiyyat, energetika, nəqliyyat, investisiya, kənd təsərrüfatı və humanitar sahələri əhatə edən razılaşmalar qarşılıqlı maraqların təmin olunmasına yönəlib. Bu sənədlər iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına, birgə layihələrin həyata keçirilməsinə və biznes dairələri arasında əlaqələrin genişlənməsinə imkan yaradacaq.

Enerji sahəsində əməkdaşlıq xüsusi diqqət mərkəzində olub. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaş kimi Serbiya ilə də bu istiqamətdə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bir daha bəyan edib. Qaz təchizatı və enerji layihələri üzrə imzalanan sənədlər regionda enerji şaxələndirilməsinə töhfə verəcək. Bu, həm də Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Tərəflər, eyni zamanda, nəqliyyat və logistika sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe və həyata keçirilən beynəlxalq nəqliyyat layihələri Serbiya üçün yeni imkanlar açır. Orta Dəhliz çərçivəsində əməkdaşlıq perspektivləri, yükdaşımaların artırılması və tranzit imkanlarının genişləndirilməsi məsələləri xüsusi vurğulanıb. Bu istiqamətdə atılan addımlar Avropa ilə Asiya arasında əlaqələrin gücləndirilməsinə xidmət edir. Humanitar və mədəni əlaqələr də səfərin gündəliyində mühüm yer tutub. Təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə töhfə verir. Prezident İlham Əliyev bəyanatında qeyd edib ki, xalqlarımız arasında tarixi dostluq münasibətləri mövcuddur və bu münasibətlər gələcəkdə daha da inkişaf edəcək. Səfər çərçivəsində regional və beynəlxalq məsələlər də müzakirə olunub. Azərbaycan və Serbiya beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşdıqlarını, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipini daim dəstəklədiklərini bir daha ifadə ediblər. Bu mövqelərin üst-üstə düşməsi iki ölkənin beynəlxalq platformalarda bir-birini dəstəkləməsi üçün möhkəm əsas yaradır. İmzalanmış sənədlər və aparılan danışıqlar göstərir ki, Azərbaycan–Serbiya münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Qarşılıqlı etimada əsaslanan siyasi dialoq, iqtisadi əməkdaşlığın genişlənməsi və enerji sahəsində strateji tərəfdaşlıq əlaqələri gələcəkdə daha böyük layihələrin reallaşdırılmasına şərait yaradacaq. Prezident İlham Əliyevin Serbiyaya səfəri bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq arenada fəal və etibarlı tərəfdaş kimi çıxış edir. Ölkəmizin həyata keçirdiyi balanslaşdırılmış və prinsipial xarici siyasət kursu dost və tərəfdaş dövlətlərlə əlaqələrin davamlı inkişafına xidmət edir. Azərbaycan və Serbiya arasında imzalanmış sənədlər isə bu əməkdaşlığın hüquqi və praktiki əsaslarını daha da möhkəmləndirərək, iki xalqın rifahına və regionda sabitliyin güclənməsinə töhfə verəcək.

Lalə Məmmədova

YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər