Azərbaycan ilə Serbiya arasında mövcud olan münasibətlər uzun illərin sınağından çıxmış, qarşılıqlı etimad və hörmət üzərində qurulmuş möhkəm dostluq əlaqələridir. Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladığı kimi, iki ölkə rəhbərləri arasında formalaşmış şəxsi münasibətlər dövlətlərarası əlaqələrin dərinləşməsində əvəzsiz rol oynayır. Bu münasibətlər rəsmi diplomatik çərçivədən kənara çıxaraq, səmimi və açıq dialoq mühitində davam edir. Belə şərait qarşılıqlı anlaşmanı daha da gücləndirir və strateji tərəfdaşlıq üçün möhkəm zəmin yaradır.
Serbiya xalqının tarix boyu dövlət suverenliyini qorumaq uğrunda apardığı mübarizə Azərbaycan tərəfindən böyük hörmətlə qarşılanır. Prezident İlham Əliyev çıxışında bu məqamı xüsusi qeyd edərək, Serbiya xalqının müstəqilliyini və dövlətçiliyini qorumaq yolunda verdiyi qurbanların yüksək qiymətləndirildiyini vurğulamışdır. Bu yanaşma Azərbaycanın oxşar tarixi təcrübəsi ilə sıx bağlıdır və hər iki ölkənin suverenlik və ərazi bütövlüyü məsələlərinə prinsipial yanaşmasını bir daha təsdiqləyir. Serbiyanın bugünkü inkişafı güclü siyasi liderlik və ardıcıl islahatlarla sıx bağlıdır. Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçin liderlik keyfiyyətlərini xüsusi vurğulayaraq, dövlət maraqlarının hər zaman ön planda tutulmasının ölkənin uğurlu inkişafına şərait yaratdığını qeyd etmişdir. Aparılan iqtisadi və sosial islahatlar Serbiyanın beynəlxalq nüfuzunu artırmış, ölkəni regionda etibarlı və etibar olunan tərəfdaşa çevirmişdir.
Təbii sərvətləri məhdud olan Serbiyanın daxili imkanlara arxalanaraq inkişaf etməsi müasir Avropa məkanında xüsusi əhəmiyyət kəsb edir. Bu, Serbiyanın düzgün iqtisadi siyasət yürütməsinin və sağlam investisiya mühiti formalaşdırmasının nəticəsidir. Azərbaycan tərəfi bu təcrübəni yüksək qiymətləndirir və Serbiyanın nailiyyətlərini dost ölkənin uğuru kimi qəbul edir. İki ölkə arasında formalaşmış dostluq münasibətləri beynəlxalq platformalarda da özünü göstərir. Azərbaycan və Serbiya beynəlxalq təşkilatlar çərçivəsində bir- birinin ərazi bütövlüyünü və suverenliyini ardıcıl şəkildə dəstəkləyir. Bu qarşılıqlı dəstək, əlaqələrin strateji xarakter daşıdığını bir daha təsdiqləyir və Prezident İlham Əliyevin açıqlamalarında açıq şəkildə ifadə olunmuşdur. Yüksək səviyyəli siyasi dialoq iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın genişlənməsinə də imkan yaradır. Liderlərarası etimad bütün sahələr üzrə birgə layihələrin sürətli reallaşmasına təkan verir. Nəticədə,Serbiya–Azərbaycan münasibətləri klassik diplomatik əlaqələrdən daha irəli gedərək, real tərəfdaşlıq nümunəsinə çevrilmişdir.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı