PDF Oxu

Siyasət

  • 1 365

Azərbaycan-Serbiya: əlaqələrin inkişafında yeni dövr

image

Azərbaycan dünyanın aparıcı dövlətlərindən biri olaraq ölkələrlə və beynəlxalq təşkilatlarla münasibətlərdə etibarlı əməkdaşlığa, yaxın dostluğa, tərəfdaşlığa üstünlük verir. Qurulan iki və çoxtərəfli əlaqələr hər iki tərəfə mühüm iqtisadi, sosial uğurlar, siyasi dividentlər gətirir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Avropanın əsas güc mərkəzlərindən hesab olunan Serbiya ilə Azərbaycan əlaqələri əksər ölkələrə nümunə ola biləcək mühüm zirvəyə yüksəlib.

Azərbaycan Serbiyaya enerji məhsulları, əsasən qaz nəql edir. Eyni zamanda Azərbaycan Serbiyada avtomobil yollarının tikintisi və yenidən qurulması sahəsində nümunəvi fəaliyyət ortaya qoyub. Serbiya isə Azərbaycana kənd təsərrüfatı məhsulları, sənaye malları və müxtəlif texniki avadanlıqlar ixrac edir. Azərbaycan və Serbiya arasında qurulan iqtisadi, sosial, texniki, infrastruktur əlaqələri gələcəkdə daha da genişlənəcəyi gözlənilir. Xüsusilə hər iki dövlətin maraqlarına hesablanan nəqliyyat, sənaye, alternativ enerji, logistika, və digər sahələr üzrə əməkdaşlığa dair mühüm imkanlar mövcuddur. Əməkdaşlığın genişlənməsi təkcə hər iki dövlətin maraqlarına deyil, həm də regionun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin cari ilin fevralın 15-də Serbiyaya rəsmi səfəri zamanı çıxışında dediyi kimi bizim gələcək üçün də açıq-aydın planlarımız var: “Bunlar həm siyasi, həm iqtisadi, energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahəsində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır. Energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracatına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiyaya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək artıq təmiz elektrikin əldə olunmasına da nail olacağıq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpa olunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. Biz 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır”.
Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq
Prezident İlham Əliyevin Belqrada rəsmi səfəri Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlığığın daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edim ki, Azərbaycan ilə Serbiya arasında diplomatik əlaqələrin əsası 1997-ci ildə qoyulub. Səmimi, mehriban münasibətlərə söykənən əlaqələri tədricən inkişaf edib. xüsusilə hər iki dövlət bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini dəfələrlə bəyan edib. Azərbaycan Serbiyanın Kosovo məsələsində mövqeyini dəstəkləyir, Serbiya isə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağ məsələsində beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etdiyini bildirir. Bununla bağlı Prezident İlham Əliyevin mətbuat üçün bəyanatında səsləndirilən fikirləri diqqəti cəlb edir və əsaslı olaraq dünya mətbuatının müzakirə etdiyi bəyanata çevrilib: “Serbiya xalqı bütün dövrlərdə öz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmişdir, qurbanlar vermişdir. Siz də əziz dostum, Serbiyanın Prezidenti kimi dövlətçiliyi, dövlət maraqlarını hər şeydən üstün tutursunuz. Məhz buna görə Sizin rəhbərliyinizlə Serbiya uğurla inkişaf edir, həm beynəlxalq müstəvidə böyük hörmət qazanmışdır, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılmışdır. Bunun nəticəsində bu gün Serbiya - təbii sərvətləri olmayan bir ölkə buna baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu, xüsusi amil kimi qiymətləndirilməlidir. Burada mən Prezident Vuçiçin çox yüksək liderlik keyfiyyətlərini qeyd etmək istərdim. Bildiyiniz kimi, bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var. Bilirəm ki, Prezident Vuçiç Serbiya xalqına, dövlətinə, dövlət maraqlarına nə qədər bağlı olan insandır və hər bir ölkənin uğurunun arxasında məhz bu amillər dayanır. Biz, əlbəttə ki, Serbiyanın dostları kimi bunu yüksək qiymətləndiririk və buna görə sevinirik”.
Azərbaycanın və Serbiyanın dövlət başçılarının və hökumət rəsmilərinin bir-birinin ölkələrinə səfərləri etimad mühitinin və yaxın tərəfdaşlıq əlaqələrinin inkişafına mühüm tövhələr verib. Nəticə olaraq, hər iki ölkənin parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir, 2023-cü ilin oktyabrında Azərbaycanın Milli Məclisinin Serbiya ilə parlamentlərarası işçi qrupunun üzvləri Serbiya parlamentinin dəvəti ilə bu ölkənin Belqrad şəhərində səfərdə olublar. Milli Məclisin üzvləri səfər çərçivəsində Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunda, Serbiya parlamentinin Beynəlxalq əlaqələr komitəsində müxtəlif görüşlər keçiriblər. Görüşlərdə deputatlar iki ölkə arasında əlaqələri, prioritet məsələlər ilə bağlı, xüsusilə də beynəlxalq təşkilatlarda koordinasiyalı fəaliyyəti müzakirə ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin Belqrada rəsmi səfəri çərçivəsində Serbiya Prezidenti Aleksandar Vuçiçilə səmimi görüşü, bir sıra sahələr üzrə müzakirələri Azərbaycan ilə Serbiya arasında münasibətlərin tarixində yeni mərhələnin başlanğıcı olduğunu qeyd etmək olar. Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Belqrad şəhərində Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının birinci iclasının keçirilməsi iki ölkə arasında əlaqələrin artıq ən yüksək siyasi və institusional səviyyəyə yüksəldiyini göstərir.
İqtisadi əlaqələr hər iki xalqın maraqlarına xidmət edir
Son illər Azərbaycan və Serbiya arasında iqtisadi əlaqələr inkişaf etməkdədir. Azərbaycan şirkətləri Serbiyada bir sıra infrastruktur layihələrinin icrasında iştirak edirlər. Azərbaycan Serbiyaya qaz nəqlini həyata keçirir. Bu da ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Mətbuat üçün Prezidentlərin birgə bəyanatında Azərbaycanın dövlət başçısı İlham Əliyev Serbiyaya qaz nəqlinin həcminin artırılacağını bildirdi: “Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpa olunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. Biz 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır”.
Prezident İlham Əliyev görüşlərin və müzakirələrin bundan sonrada davam etdiriləcəyini söylədi: “Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik. Mən Prezident Vuçiçi və Serbiya nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət etmişəm. Əminəm ki, biz bu il bir neçə dəfə görüşəcəyik - həm Azərbaycanda, həm də ola bilər, mən yenə Serbiyaya gəlim. Çünki mən və əminəm ki, Azərbaycan nümayəndə heyəti burada özlərini evindəki kimi hiss edirlər. Mən dəfələrlə Serbiyada olmuşam və Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada gedən inkişafı öz gözlərimlə görürəm. Buna görə bir daha serbiyalı dostlarımızı ürəkdən təbrik etmək istəyirəm və Prezident Vuçiçin şüarına da qoşuluram”
Prezidentimizin bəyanatında “Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!” fikirləri hər iki dost xalqın maraqlarına xidmət edən siyasətin dönməz və sarsılmaz olduğunun nümayişi idi.

Eldar İbrahimov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor

Digər xəbərlər