“Tələbələrin təhsil prosesini başa vurduqdan sonra əmək bazarına inteqrasiyası və iş axtarışı onların qarşılaşdığı əsas məsələlərdən biridir”.SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müavini Firudin Qurbanov 19 fevral 2026-cı il tarixində ASAN xidmət tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbirində qeyd edib.Onun sözlərinə görə, “dünya təcrübəsində aparıcı universitetlərin məzunları iş axtarmaqla kifayətlənmirlər; əksinə, onlar iqtisadi fəallığa, innovativ təşəbbüslərin və iş yerlərinin yaradılmasına yönəlirlər. Azərbaycan ali təhsil sistemi üçün isə belə universitetlərin sayı hələlik məhduddur. Dünyada bu kateqoriyaya University of Oxford, MIT, Harvard University və Stanford University kimi ali məktəblər daxildir. Bu universitetlər uzun müddət ərzində məzunların yalnız işçi kimi bazara daxil olmasını deyil, onların iqtisadi aktivliyi artıracaq layihələr yaratmasını hədəfləyirlər.Müasir təhsil müəssisələrinin əsas strategiyası məzunları gələcəyə hazırlamaqdır. Bu çərçivədə innovasiyaların təşviqi və tətbiqi mühüm rol oynayır. Lakin innovasiya anlayışı tez-tez sadəcə “yenilik” kimi yanlış başa düşülür. Əslində innovasiya yalnız yeni məhsulun yaradılması ilə məhdudlaşmır; innovasiya o zaman səmərəli hesab olunur ki, həmin məhsul iqtisadi, sosial və ya texnoloji nəticələr yaratsın”.
Müəllif: Günay Hacıyeva