Kral III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək həbs edilib. Bu barədə BBC məlumat yayıb, European Pravda qəzeti xəbər verib. BBC Britaniya polisinin açıqlamasına istinadən bildirib ki, istintaq çərçivəsində 19 fevralda Norfolkdan olan 60 yaşdan yuxarı bir kişi vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək həbs edilib, Berkşir və Norfolkdakı ünvanlarda axtarışlar aparılıb. Saxlanılan şəxsin adı milli qaydalara uyğun olaraq açıqlanmır, lakin BBC və digər Britaniya mediası onun Kral III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor olduğunu bildirir.
Saxlanılan şəxs hazırda həbsdədir: "Hərtərəfli qiymətləndirmədən sonra vəzifə səlahiyyətlərindən sui-istifadə iddiası ilə bağlı istintaqa başladıq. Bu potensial qanun pozuntusunu araşdırmaq üçün tərəfdaşlarımızla işləyərkən istintaqımızın bütövlüyünü və obyektivliyini qorumağımız vacibdir. Bu məsələyə ictimai marağın əhəmiyyətli olduğunu qəbul edirik və vaxtında yeniləmələr təqdim edəcəyik", - deyə polis rəisinin müavini Oliver Rayt bildirib.
Polis 66 yaşı tamam olan keçmiş York hersoquna qarşı Ceffri Epşteyn işində ortaya çıxan iddiaları araşdırır. Endryu həmişə ona qarşı irəli sürülən bütün ittihamları və Epşteynlə bağlı hər hansı qanun pozuntusu iddialarını qəti şəkildə rədd edib.
Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında mübahisəli amerikalı maliyyəçi Epşteynlə əlaqələri iddialarına görə Endryu Mauntbatten-Vindsor şahzadə titulundan məhrum edilib. Epşteyn işi ilə bağlı yeni sənədlərin dərc olunmasından sonra Endryu kral iqamətgahını tərk edib. Sənədlərdə iddia olunurdu ki, Endryu Mauntbatten-Vindsor rəsmi Britaniya ticarət sənədlərini Epşteynə ötürüb.
İlham