PDF Oxu

Siyasət

  • 854

Azərbaycan - Serbiya münasibətləri yeni inkişaf mərhələsində - ŞƏRH

image

Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirdi və mühüm siyasi hadisə kimi tarixə düşdü. Səfər çərçivəsində Prezident İlham Əliyevin Azərbaycan–Serbiya əlaqələrinin yalnız bugünkü vəziyyətini deyil, həm də gələcək inkişaf perspektivlərini aydın şəkildə ortaya qoyacaq bir bəyanat verdi. Bəyənatda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç barədə səsləndirdiyi fikirlər münasibətlərin mahiyyətini açıq şəkildə ortaya qoyur.

Bu səfər formal protokol çərçivəsini aşaraq, iki ölkə arasında münasibətlərin geosiyasi, geoiqtisadi və strateji mahiyyətini daha aydın şəkildə ortaya qoydu. Bugünkü beynəlxalq mühitdə orta güc dövlətləri üçün etibarlı tərəfdaşlıq şəbəkəsi formalaşdırmaq həyati əhəmiyyət daşıyır. Bakı ilə Belqrad arasında son illərdə formalaşan intensiv siyasi dialoq da məhz bu zərurətdən qaynaqlanır. Serbiya-Azərbaycan Strateji Şurasının ilk iclasının keçirilməsi də münasibətlərin artıq sistemli və planlı mərhələyə daxil olduğunu göstərir. Bu mexanizm təsadüfi təşəbbüslərdən fərqli olaraq, konkret hədəflərə əsaslanan əməkdaşlıq modelini təmin edir.

Bəyanatda iqtisadi əməkdaşlıq xüsusi yer tutdu. Prezident İlham Əliyev bildirdi ki, enerji sahəsi Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın əsas sütunlarından biridir. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Serbiya üçün də böyük əhəmiyyət daşıyır. Dövlət başçısı Azərbaycanın təbii qaz ixracı imkanlarının genişləndiyini və Serbiyanın bu prosesdə mühüm tərəfdaşlardan biri olduğunu diqqətə çatdırdı. Dünyanın siyasi fonunun dəyişdiyi, dövlətlərin bir-birinə şübhə ilə yanaşdığı bir dövrdə, bu cür səmimiyyət illərlə sınaqlardan keçmiş etibardan qaynaqlanır. İki ölkənin beynəlxalq hüquqa, ərazi bütövlüyünə və suverenliyə verdikləri ortaq dəyərin bəyanı olan bu səmimi sözlər həm də Prezident İlham Əliyevin qlobal arenada formalaşdırdığı "sözü imzası qədər dəyərli lider" imicinə

Serbiya tərəfindən verilən ən yüksək qiymət kimi xarakterizə olunmalıdır. Eyni zamanda bu, Serbiya üçün Azərbaycanın çətin zamanda dayaq, firavanlıq zamanı isə etibarlı yol yoldaşı olduğunun təsdiqi idi. Müzakirə olunan məsələlər siyasi dialoqdan iqtisadi əməkdaşlığa, energetikadan nəqliyyat əlaqələrinə qədər geniş spektri əhatə edib. Bu isə göstərir ki, tərəflər münasibətləri yalnız cari maraqlar üzərində deyil, gələcəyə hesablanmış strateji planlaşdırma əsasında qururlar. Energetika sahəsi hazırda Azərbaycan–Serbiya münasibətlərinin əsas lokomotivi kimi çıxış edir. Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması və ixrac həcminin artırılması barədə razılaşma iki ölkə arasında enerji təhlükəsizliyi sahəsində qarşılıqlı asılılığı və əməkdaşlığı gücləndirir. Birgə elektrik stansiyasının inşası təşəbbüsü isə əməkdaşlığı yeni mərhələyə daşıyır. Bu layihə Serbiyanın daxili enerji istehsal gücünün artırılmasına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və potensial ixrac imkanlarının genişlənməsinə xidmət edəcək. Azərbaycan tərəfinin böyük həcmdə sərmayə qoymağa hazır olduğunu bəyan etməsi Serbiyada formalaşmış müsbət investisiya mühitinə və aparılan islahatlara verilən real dəyərdir. Dövlətimizin başçısı qeyd edib ki, məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.

Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bu münasibətlərin yüksələn xətlə inkişafına təkan verəcəkdir.

Nurlan Quliyev

YAP Culfa rayon təşkilatının fəalı

Digər xəbərlər