“Azərbaycanın Rusiya–Ukrayna müharibəsinə və ümumilikdə Ukraynanın mövqeyinə dair yanaşması münaqişənin ilk günlərindən etibarən açıq, ardıcıl və prinsipial xarakter daşıyıb”.Bu sözləri SİA -ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.Onun sözlərinə görə, təxminən dörd ilə yaxındır davam edən bu silahlı qarşıdurma fonunda Azərbaycan beynəlxalq hüququn fundamental prinsiplərinə , dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığına sadiqliyini dəfələrlə nümayiş etdirib:”Rəsmi Bakı Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə dəstəyini birmənalı şəkildə ifadə etməklə yanaşı, müharibənin humanitar fəsadlarını azaltmaq məqsədilə konkret addımlar atıb.Bu çərçivədə Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım, xüsusilə müharibədən zərər çəkmiş mülki əhali, o cümlədən uşaqlar üçün həyata keçirilən layihələr ölkənin humanizmə və sosial məsuliyyətə əsaslanan xarici siyasət xəttinin bariz nümunəsidir. Ukraynalı uşaqların təhlükəsizliyinin təmin olunması, onların müharibə şəraitindən kənarda müvəqqəti də olsa qorunması istiqamətində atılan addımlar Azərbaycanın regional və qlobal miqyasda etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib. Bu təşəbbüslər təkcə ikitərəfli münasibətlər baxımından deyil, eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanır və diqqətlə izlənilir.Məsələnin siyasi-diplomatik tərəfi də xüsusi əhəmiyyət kəsb edir. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında baş tutan görüş zamanı bu məqamların açıq şəkildə vurğulanması Azərbaycanın mövqeyinin beynəlxalq səviyyədə qəbul edildiyini göstərir. Görüşdə Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyin açıq şəkildə ifadə olunması onu təsdiqləyir ki, rəsmi Bakı Rusiya–Ukrayna məsələsində balanslı deyil, məhz prinsipial və hüquqa əsaslanan siyasət yürüdür.Azərbaycanın bu münaqişə ilə bağlı mövqeyi situativ maraqlara deyil, beynəlxalq hüququn norma və prinsiplərinə, ədalət anlayışına və ölkənin öz tarixi təcrübəsinə söykənir. Bu yanaşma Azərbaycanın xarici siyasətində davamlılığın, etibarlılığın və müstəqil qərarvermə qabiliyyətinin göstəricisi kimi çıxış edir. Mövcud geosiyasi reallıqlar dəyişsə belə, Azərbaycanın Rusiya–Ukrayna müharibəsinə münasibətdə sərgilədiyi prinsipial və dəyişməz mövqe onun beynəlxalq münasibətlər sistemində tutduğu məsuliyyətli yerin aydın ifadəsidir”.
Müəllif: Günay Hacıyeva