Ana dili hər bir xalqın milli kimliyinin, mənəvi dəyərlərinin və tarixi yaddaşının əsas sütunudur. Dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqın düşüncə tərzini, dünyagörüşünü, adət-ənənələrini, folklorunu, ədəbiyyatını və mədəni irsini özündə yaşadan canlı bir xəzinədir.
Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, hər bir xalqın varlığını qoruyub saxlamasında, mədəniyyətini yaşatmasında və gələcək nəsillərə ötürməsində ana dilinin rolu əvəzsizdir:
"Məhz bu baxımdan 21 Fevral – UNESCO tərəfindən təsis olunmuş Beynəlxalq Ana Dili Günü dünya xalqlarının dil və mədəni müxtəlifliyinin qorunmasına yönəlmiş mühüm beynəlxalq təşəbbüsdür. Bu əlamətdar gün UNESCO-nun 1999-cu il noyabrın 17-də keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 2000-ci il fevralın 21-dən etibarən qlobal miqyasda qeyd olunur. Bu günün əsas məqsədi dünya xalqlarının ana dillərinə hörmət və ehtiramı artırmaq, dil müxtəlifliyini qorumaq və hər bir xalqın öz dilində təhsil və inkişaf hüququnu dəstəkləməkdir".
Deputat bildirib ki, Azərbaycan dili zəngin tarixi keçmişə, dərin ədəbi ənənələrə və böyük inkişaf yoluna malik olan dillərdən biridir:
"Azərbaycan dilinin respublikamızda dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər milli kimliyin və mədəniyyətin əsas amillərindən birinin məhz dil olduğunu daim vurğulayır, ana dilinin qorunmasını xalqın müstəqilliyinin və mənəvi zənginliyinin təminatçısı kimi dəyərləndirirdi. Onun siyasi iradəsi və qətiyyəti nəticəsində Azərbaycan dili dövlət səviyyəsində qorunmağa və inkişaf etdirilməyə başladı. 1969-cu ildən başlayaraq Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verdi. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir", – deyən Ulu Öndərin prinsipial mövqeyi nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə daxil edildi. Həmin dövrdə belə bir qərarın qəbul olunması milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm və cəsarətli addım idi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri kimi qiymətləndirilir".
S.Salmanova qeyd edib ki, müstəqillik dövründə ana dilinin hüquqi statusu daha da möhkəmləndirilib:
"Belə ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bu müddəa dövlətçilik tariximizdə mühüm hüquqi əsas yaratdı və dilimizin inkişafı üçün yeni mərhələnin başlanğıcını qoydu. Daha sonra Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edildi. Bu qərar Azərbaycan dilinin təkmilləşməsinə, latın qrafikalı əlifbanın tam tətbiqinə və dil siyasətinin sistemli şəkildə həyata keçirilməsinə geniş imkanlar açdı. Eyni zamanda imzalanan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Sərəncam milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin mühüm tərkib hissəsinə çevrildi. 2003-cü il yanvarın 2-də isə Ulu Öndərin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun qüvvəyə mindi. Həmin qanunda göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri hesab edir, onun təbliği, qorunması və inkişaf etdirilməsinin qayğısına qalır. Bu hüquqi sənəd dilimizin ictimai-siyasi, elmi, mədəni və təhsil sahələrində tətbiqini genişləndirdi və dövlət dilinin mövqeyini daha da möhkəmləndirdi. Bütün bunlar bir daha sübut edir ki, Heydər Əliyev bütün həyatını Azərbaycan dilinin qorunmasına, saflığının təmin edilməsinə və bu dilin gələcək nəsillərə təmiz şəkildə ötürülməsinə həsr edib".
Parlamentari vurğulayıb ki, Ulu Öndərin ana dilimizin qorunması üzrə müəyyənləşdirdiyi siyasi xətt bu gün də uğurla davam etdirilir:
"Bu siyasətə sadiqlik nümayiş etdirən Prezident İlham Əliyev tərəfindən də Azərbaycan dilinin inkişafı istiqamətində müxtəlif mühüm fərman və sərəncamlar imzalanıb. Müasir dövrün çağırışlarını və qloballaşma proseslərini nəzərə alan dövlət başçısının 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etdiyi "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" ana dilimizin qorunması və inkişafı baxımından mühüm tarixi hadisədir. Bu proqram dilin elmi əsaslarla öyrənilməsi, informasiya texnologiyaları mühitində tətbiqi və terminoloji bazanın zənginləşdirilməsi kimi mühüm istiqamətləri əhatə edir. Bununla yanaşı, Prezident İlham Əliyevin 2018-ci il 17 iyul tarixli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamı dilimizin rəqəmsal mühitdə mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Müasir informasiya cəmiyyətində dilin internet və elektron resurslarda geniş istifadəsi onun gələcək inkişafı üçün mühüm şərtdir. Eyni zamanda, 2018-ci il noyabrın 1-də imzalanmış "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Bu sənəd Azərbaycan dilinin normativ qaydalarının qorunmasını, ədəbi dil normalarına riayət olunmasını və cəmiyyətin bütün sahələrində dövlət dilinin düzgün tətbiqini təmin etməyə yönəlib. Beləliklə, Azərbaycan dili xalqımızın milli varlığının, mənəvi dəyərlərinin və dövlətçiliyinin əsas dayağıdır. Onun qorunması və inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət Azərbaycan dövlətinin milli maraqlara əsaslanan strateji kursunun tərkib hissəsidir. Azərbaycan dili bu gün həm hüquqi, həm də mənəvi baxımdan möhkəm təminata malikdir və gələcək nəsillərə zəngin, saf və inkişaf etmiş şəkildə ötürülməsi hər bir vətəndaşın müqəddəs borcudur".