Fevralın 15-də Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri tarixi əlaqələrin və yeni dövrün tələblərinin ən yüksək zirvəsi kimi yadda qaldı. İlham Əliyevin bu ölkəyə rəsmi səfəri Bakı ilə Belqrad arasındakı sarsılmaz dostluq körpüsünün növbəti möhtəşəm kərpicini qoydu. Çünki Azərbaycan və Serbiya arasındakı münasibətlər sadəcə diplomatik əlaqələr deyil, illərin sınağından keçmiş, qarşılıqlı hörmət və bənzər tarixi talelər üzərində qurulmuş sarsılmaz bir dostluq dastanıdır. Bu iki xalqı bir-birinə bağlayan ən mühüm amil hər zaman beynəlxalq hüquq normalarına sadiqlik, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə tərəddüdsüz dəstək nümayiş etdirmələridir. Tarixin müxtəlif dönəmlərində hər iki ölkə bənzər çətinliklərlə üzləşmiş, ədalətin bərpası yolunda çətin sınaqlardan keçmişdir. Məhz bu ortaq keçmiş və milli maraqların üst-üstə düşməsi Bakı ilə Belqradı bir-birinə qardaş qədər yaxınlaşdırıb.
Səfərin ilk dəqiqələrindən, Belqradın Nikola Tesla Hava Limanında hiss olunan o möhtəşəm ab-hava bu ziyarətin sadəcə rəsmi deyil, həm də çox doğma bir xarakter daşıdığını nümayiş etdirirdi. Prezident İlham Əliyevi həmkarı Aleksandar Vuçiçinin şəxsən qarşılaması iki lider arasındakı səmimi münasibətlərin bariz nümunəsi idi. Bu qarşılanma mərasimi Serbiyanın Azərbaycana verdiyi yüksək dəyərin və dövlətimizin başçısına olan böyük ehtiramın rəmzi idi.
Səfər çərçivəsində keçirilən görüşlərin məhsuldarlığı və səmimiyyəti iki ölkə arasındakı etimadın nə dərəcədə dərin olduğunu bir daha sübut etdi. Xüsusilə liderlərin birgə keçirdiyi səhər yeməyi zamanı rəsmi çərçivələrin kənara qoyularaq çox səmimi, dostyana mühitdə söhbət etmələri dövlətlərarası münasibətlərdə nadir rast gəlinən hallardandır. Bu süfrə arxasında təkcə iqtisadi layihələr, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri deyil, həm də iki xalqın mədəni yaxınlığı, gələcək birgə addımları müzakirə olundu. Səfər başa çatarkən imzalanan strateji sənədlər və iki liderin dünyaya verdiyi birlik mesajları Azərbaycanın Balkanlardakı nüfuzunu daha da gücləndirdi.
Bu səfərin nəticəsi olaraq Azərbaycanın Balkanlarda, Serbiyanın isə Cənubi Qafqazda iqtisadi və siyasi varlığı daha da dərinləşəcək, iki xalqın bir-birinə olan doğmalığı isə sarsılmaz bir qardaşlıq modelinə çevriləcəkdir.
Türkanə Kərimova
YAP Babək rayon təşkilatının əməkdaşı