PDF Oxu

Siyasət

  • 1 172

“İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycanın uğurları” - ŞƏRH

image

Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatı və Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı sayəsində baş tutan tədbir “İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycanın uğurları” adlanırdı. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və 44 günlük haqq savaşımızda Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Tədbirdə çıxış edən Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev, YAP Lənkəran rayon təşkilatının əməkdaşı Yalçın Əliyev, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları Ceyhun Bağırov, Azad Axundov, Aqil Muxtarov bildirdilər ki, İlham Əliyevin Prezidentliyi dövrü müasir Azərbaycan tarixinin ən şərəfli və qürur verici mərhələsidir. Ən əsası isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə xalqımızın otuz illik həsrətinə son qoyuldu. Bu möhtəşəm Zəfər Azərbaycanın gücünü, xalq–ordu–iqtidar birliyini və dövlət başçısının qətiyyətli siyasi iradəsini bütün dünyaya bir daha göstərdi. Vətən müharibəsində qazanılan Qələbə təkcə hərbi nailiyyət deyil, eyni zamanda milli qürurun, həmrəyliyin və sarsılmaz vətənpərvərliyin təntənəsidir. Hər bir şəhidin əziz xatirəsi daim ehtiramla yad edilir, müharibə veteranlarının şücaəti isə örnək sayılır.

Çıxışlarda o da vurğulandı ki, müharibədən sonra azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması ölkə rəhbərinin strateji baxışının və güclü dövlət modelinin bariz nümunəsidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın davamlı inkişafının yeni mərhələsini təşkil edir. Eləcə dövlət başçısının apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sektorda sevindirici uğurlar qazanılıb, bütün regionlarda olduğu kimi, Lənkəran rayonunda da kənd təsərrüfatının inkişafı, infrastrukturun yenilənməsi, sosial layihələrin icrası dövlət qayğısından irəli gəlir.

Sonda natiqlər əminliklə bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da qalib dövlət olaraq daha böyük zirvələr fəth edəcək, xalqımızın rifahı və dövlətimizin qüdrəti naminə yeni nailiyyətlər əldə olunacaq.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər