Prezident İlham Əliyev: Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm.
Bu gün Xocalı azaddır. 2023-cü ilin sentyabr ayında Azərbaycan silahlı qüvvələrinin Xankəndidə birgünlük antiterror əməliyyatı nəticəsində 31 il sonra Xocalı da öz azadlığına qovuşdu. Həmin lokal xarakterli tədbir ilə 2020-ci ildə əldə etdiyimiz Zəfər üzərinə yeni bir Zəfər gəldi və ümumilikdə işğal altında olan ərazilərimizin düşməndən xilası başa çatdı. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü, konstitusiya quruluşunu bərpa etdi.
Artıq üç ildir ki, Xocalı faciəsini onun azadlığı şəraitində anırıq. Hər zaman anmalıyıq da. Çünki illər, əsrlər sonra belə düşmən erməninin Xocalıda törətdiyi soyqırımı əsla unudulmayacaq. Eləcə də Xocalının düşməndən azad edildiyi gün tariximizin şanlı səhifəsini təşkil etdiyi üçün hər zaman qürurla anılacaq.
Xocalını yaşadan DAHİ
Təəssüflər olsun ki, Xocalı soyqırımından sonra həmin dövrdə Azərbaycana rəhbərlik edənlər bu faciəyə biganə münasibət göstərir, xalqımıza qarşı törədilən cinayəti ört-basdır etməyə çalışırdılar. Yalnız həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən Ümummilli Lider Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat verib, faciəni törədənləri və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdi.
Ulu Öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verildi. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. 1994-cü ilin fevralında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırdı. Qəbul edilmiş qərara əsasən bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olundu. Görkəmli dövlət xadimi Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Ümummilli Lider Heydər Əliyev deyirdi: “İnanıram ki, bu gün xalqımız müstəqil Azərbaycan dövlətində daha da mətinləşib və dövlətimizin müstəqilliyini qoruyub saxlamaq, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda yenilməz mübarizə aparmaq əzmindədir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan dövləti xalqımızın bu müqəddəs amallarının gerçəkləşməsi yolunda var qüvvəsini sərf edəcək, soydaşlarımıza qarşı törədilmiş qanlı cinayətlərin, o cümlədən Xocalı faciəsinin bütün günahkarlarının lazımınca cəzalandırılması üçün bütün tədbirləri görəcəkdir”.
Gecənin qaranlığı qədər dəhşətli
O gecə Xocalıda ermənilər tərəfindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü ki, onların 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
613... Bir gecənin soyqırımına məruz qalan 613 insan. Yataqlarında ölümünü gözləyən Xocalı sakinləri. Saatlar sonra nə baş verəcəyindən xəbərsiz insanlar...
O gecənin qaranlığı qədər dəhşətli anları yaşadı xocalılılar. 25 fevraldan 26 fevrala keçən gecə Xocalı şəhəri kimi, onun dinc əhalisi də məhv edildi. Həm xocalılılar, həm də Xocalı şəhid oldu və şəhərlə onun sakinləri bir-birilərinin ölümünə, məhvinə şahid oldular.
613 nəfər o gecənin qurbanı oldu. Kim ağlına gətirə bilərdi ki, bir gecədə bu qədər adam həyatla vidalaşacaq. Əsla düşünüləsi bir hal deyil. Lakin oldu, yaşandı və 613 Xocalı sakini o qaranlıq gecənin dəhşəti ilə üz-üzə qaldı. Qonşu qonşunun, qohum qohumun, ata balanın, uşaq ananın, atanın gözü qarşısında şəhid oldu. Dünyada oxşarı olmayan bir fəlakəti yaşadı Xocalı və xocalılılar.
Düşmən o gecə insanlıqdan əl götürdü. İnsanlığa qarşı bütün rəzalətləri sərgilədi. Bir sözlə, əsl xislətini ortaya qoydu. Bir-birinin ardınca törətdiyi hadisələrin hər biri ayrı-ayrılıqda əsl erməni obrazını nümayiş etdirdi. Əvvəlcə sakinlərin evlərindən çıxarılması, öldürülməsi, sonra onların evlərinin talanması, daha sonra evlərə və şəhərə od vurulub yandırılması, qaçan insanların yaxalanması, onların güllələnməsi, öldürülən insanların əl-ayağının kəsilməsi, gözünün çıxarılması, dərisinin soyulması kimi hərəkətlərin hər biri erməni vəhşiliyindən söhbət açdı o gecə, onların əsl üzünü tanıtdırdı. Daim gözü Azərbaycanın torpaqlarında, sərvətində olan bu qəbilənin nəyə qadir olduğundan danışdı. Yəni bu vəhşi qəbilədən bundan başqa nə isə gözləmək də düzgün olmazdı. Çünki onlar qəbilədirlər. Xalq, millət formasında nə vaxt yaşamışlar ki, onlardan başqa nə isə gözləyərdik.
Beləliklə, o qaranlıq gecə və açılan boz səhər Xocalı adlı şəhərin qətliamına şahid oldu. Soydaşlarımız öz yurdlarında öldürüldü, qalanlar isə məcburi köçkünə çevrildi, əsir götürüldü...
Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” 2022-ci il 28 yanvar tarixli Sərəncamında qeyd olunur: “Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır... Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı... 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir... Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq”.
Bu gün hər bir azərbaycanlı Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatı zamanı düşmən üzərində qazandığımız tarixi qələbənin qürurunu da yaşayır. Qəhrəman ordumuz Ali Baş Komandanımızın əmri ilə 2020-ci il sentyabrın 27-də başladılan “Dəmir yumruq” əməliyyatı ilə düşməni darmadağın edərək doğma Qarabağımızı 30 ilə yaxın əsarətdən xilas etdi. Şanlı Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının icraçılarından da var idi.
“Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq”, – deyən cənab İlham Əliyev çıxışlarında bu fikri də səsləndirmişdir: “Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”.
Bu gün qürur duyuruq ki, faciənin 34-cü ilində Xocalıda Azərbaycan bayrağı dalğalanır. Bu əzəmətli bayraq Ali Baş Komandan İlham Əliyevin əzmi və minlərlə şəhid və qazimizin şücaəti ilə dalğalanır Xocalıda. Onun dalğaları hər bir xocalılının qisasının alındığını yayır yurd yerlərinə. Prezident İlham Əliyevin dediyi kimi: Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm.
1994-cü ilin 24 fevralında Ulu Öndərin təşəbbüsü ilə qəbul edilən tarixi qərar Xocalını dünyaya tanıtdı. Bu gün isə Xocalıda dalğalanan Azərbaycan bayrağını bütün dünya görür. Görür ki, illərlə susduğu, həlli üçün bir addım atmadığı məsələni Azərbaycan dövləti necə həll etdi.
Mətanət Məmmədova