"Dövlət idarəçiliyində kadr siyasəti hər zaman strateji əhəmiyyət daşıyır. Xüsusilə prezident üsul-idarə sistemində dövlət başçısının formalaşdırdığı komanda ölkənin inkişaf trayektoriyasını müəyyən edən əsas amillərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.Onun sözlərinə görə, Azərbaycanda da Prezidentin həyata keçirdiyi kadr siyasəti son illərdə institusional yenilənmə və idarəetmədə çevikliyin artırılması kontekstində diqqət çəkir: "İlham Əliyev tərəfindən aparılan kadr dəyişiklikləri bir neçə əsas istiqamətdə özünü göstərir: gəncləşmə, peşəkarlığın ön plana çəkilməsi, texnokrat idarəçilik modelinin gücləndirilməsi və nəticəyönümlü fəaliyyət meyarlarının tətbiqi. Bu yanaşma dövlət aparatında dinamikanın artırılmasına və qərarvermə proseslərinin daha operativ olmasına xidmət edir. Kadr siyasətinin əhəmiyyəti ilk növbədə idarəetmənin effektivliyində özünü göstərir. Dövlət proqramlarının icrası, sosial-iqtisadi layihələrin həyata keçirilməsi və regional inkişaf planlarının koordinasiyası birbaşa olaraq təyin olunan rəhbər şəxslərin idarəçilik bacarığından asılıdır. Peşəkar və məsuliyyətli kadr seçimi dövlət resurslarının daha səmərəli istifadəsinə şərait yaradır. Digər mühüm məqam institusional davamlılıqdır. Kadr siyasəti yalnız fərdi dəyişiklik deyil, eyni zamanda idarəetmə mədəniyyətinin formalaşdırılması prosesidir. Yeni təyinatlar zamanı şəffaflıq, hesabatlılıq və innovativ yanaşma kimi prinsiplərin tətbiqi uzunmüddətli perspektivdə dövlət institutlarının möhkəmlənməsinə səbəb olur.Bundan əlavə, müasir çağırışlar – rəqəmsallaşma, qlobal iqtisadi rəqabət, təhlükəsizlik məsələləri – dövlət aparatında yeni bilik və bacarıqlara malik kadrların olmasını zəruri edir. Bu baxımdan kadr siyasəti yalnız daxili idarəçilik məsələsi deyil, həm də milli təhlükəsizlik və strateji planlaşdırma alətidir. Siyasi baxımdan isə düzgün qurulmuş kadr siyasəti sabitliyin qorunmasına xidmət edir. İctimai etimadın artması, dövlət-vətəndaş münasibətlərində şəffaflığın güclənməsi və idarəetmədə nəticəyönümlü yanaşmanın tətbiqi sosial dayanıqlığı möhkəmləndirir. Ümumilikdə, Prezidentin kadr siyasəti dövlətin modernləşmə kursunun əsas dayaqlarından biri kimi çıxış edir. Bu siyasətin uğuru isə seçilən kadrların peşəkarlığı, cəmiyyətin gözləntilərinə cavab verməsi və strateji hədəflərin reallaşmasına real töhfə verməsi ilə ölçülür".
Müəllif: Ziya Hikmətoğlu