“ABŞ Prezidenti Donald Trump tərəfindən bütün ölkələrdən idxal edilən mallara 10% universal gömrük rüsumunun tətbiqi ilə bağlı qərarı qlobal ticarət sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirməliyik”. Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib.Onun sözlərinə görə, ilk baxışdan Azərbaycana birbaşa təsir etmirmiş kimi görünsə də, dolayı olaraq bu qərarın ölkə iqtisadiyyatına müəyyən təsirləri qaçılmazdır:“İlk növbədə qeyd edək ki, Azərbaycanın ABŞ-a ixracının həcmi ümumi ixrac strukturunda böyük paya malik deyil.
Bu səbəbdən birbaşa təsiri nisbətən məhdud olacaq. Lakin əsas risk dolayı təsirlərlə bağlıdır.ABŞ-ın bu addımı qlobal ticarətdə proteksionizmin güclənməsinə səbəb ola bilər. Nəticədə əsas ticarət tərəfdaşlarımız olan Avropa İttifaqı, Çin və Türkiyə kimi iqtisadiyyatlarda ixrac imkanlarının məhdudlaşması iqtisadi artım tempini böyük ehtimalla zəiflədəcək. Bu isə öz növbəsində Azərbaycanın qeyri-neft ixracına və ümumi xarici ticarət dövriyyəsinə təsir göstərə bilər.Digər mühüm məqam enerji bazarları ilə bağlıdır. Qlobal ticarət müharibələrinin genişlənməsi dünya iqtisadi artımını zəiflədir və bu da neftə olan tələbin azalmasına səbəb olur. Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətində mümkün azalmalar ölkənin valyuta daxilolmalarına və büdcə gəlirlərinə təsir edə bilər. Bu təsirləri də çox ciddiyə almalıyıq.Bununla yanaşı, müəyyən imkanlar da yarana bilər. ABŞ bazarında bəzi ölkələrin rəqabət qabiliyyətinin zəifləməsi alternativ təchizatçılar üçün yeni imkanlar yarada bilər. Azərbaycan bəzi spesifik məhsullar üzrə bazarlarda mövqeyini gücləndirmək üçün bu vəziyyətdən faydalana bilər. Bundan istifadə edə bilsək, bu, bizim üçün önəmli fürsətlər qapısı aça bilər.Qısacası, bu qərarın Azərbaycana təsiri birbaşa deyil, daha çox qlobal iqtisadi zəncir vasitəsilə dolayı olacaq. Əsas vəzifə isə bu kimi qlobal dəyişikliklər fonunda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının artırılması və xarici şoklara qarşı dayanıqlığın gücləndirilməsi istiqamətində islahatların davam etdirilməsidir”.
Müəllif: Günay Hacıyeva