PDF Oxu

Siyasət

  • 694

Xocali soyqırımı yaddaşlardan silinməyəcək - ŞƏRH

image

Xocalı soyqırımından 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğın Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. Rəsmi məlumatlara görə, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca amansızlıqla qətlə yetirilmiş, yüzlərlə insan yaralanmış, əsir və girov götürülmüşdür. Şəhər yerlə-yeksan edilmiş, sakinlər yalnız azərbaycanlı olduqlarına görə etnik təmizləməyə məruz qalmışdır. Bu hadisə öz mahiyyətinə görə beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması, insanlığa qarşı törədilmiş ağır cinayətdir.Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il 24 fevral tarixində 26 fevralın “Xocalı Soyqırımı Günü” elan edilməsi haqqında qərar qəbul etmişdir. Ümummilli Lider Heydər Əliyev 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevralın 26-sı saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını təsbit etmişdir. Bununla faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş, onun dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparılmışdır.

Xocalı soyqırımı təkcə bir şəhərin deyil, bütün xalqın faciəsidir. O gecə insanlar qarlı-şaxtalı havada dağlara, meşələrə üz tutaraq canlarını qurtarmağa çalışmış, lakin dinc əhaliyə atəş açılmış, xüsusi amansızlıq halları qeydə alınmışdır. Ailələr məhv edilmiş, uşaqlar valideynlərini, valideynlər övladlarını itirmişdir. Bu faktlar Xocalıda məqsədli şəkildə azərbaycanlı əhaliyə qarşı soyqırımı siyasətinin həyata keçirildiyini göstərir.

İllər boyu Xocalı faciəsi hüzn və nisgil içində anılmışdır. Lakin artıq Xocalının azad olunmasından sonra anım mərasimlərinin məhz həmin torpaqda keçirilməsi tarixi ədalətin bərpasının rəmzinə çevrilmişdir. Xocalı qurbanlarının xatirəsinin doğma yurd yerində yad edilməsi onların ruhuna ən böyük ehtiramın ifadəsidir.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş, işğal altında qalmış torpaqlar azad edilmişdir. Bu gün Xocalıda Azərbaycan bayrağının dalğalanması həm ədalətin, həm də xalqımızın milli iradəsinin təntənəsidir. Eyni zamanda azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Xocalının həyatının yenidən dirçəldiyini göstərir.Xocalı soyqırımı xalqımızın yaddaşına qanla yazılmış tarixdir. Bu faciəni unutmaq mümkün deyil və unutdurmaq da olmaz. Şəhidlərimizin xatirəsini yaşatmaq, Xocalı həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur. Xocalı yalnız keçmişin ağrısı deyil, həm də ədalət uğrunda mübarizənin və milli birliyin simvoludur.Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

Prezident İlham Əliyev: “Biz günahsız xocalı qurbanlarının qısasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq. Qoymadıq ki, onların qanı yerdə qalsın”

Şəhla Xəlilova

YAP Yasamal rayonu Elm və Təhsil Nazirliyi,

Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər