PDF Oxu

Siyasət

  • 663

Təxribatları ram edən strateji düşüncə - MƏQALƏ

image

Böyük siyasət və dövlət idarəçiliyində strateji düşüncəyə malik olmaq zəruri keyfiyyət hesab edilir. Buna baxmayaraq, müasir dünyada cərəyan edən proseslərə diqqət yetirən zaman görürük ki, sözügedən xüsusiyyət yalnız nadir siyasətçi və dövlət xadimlərinə məxsusdur. Bu gün strateji düşüncə tərzi dahiliyə bərabər keyfiyyətdir. Strateji düşüncə, sadəcə, peşəkarlığın əlaməti deyil, bu, eyni zamanda, fitri keyfiyyətdir. Müasir siyasətçilər arasında məhz strateqlərin azalması səbəbindən populizm və demaqogiya üstünlük təşkil edir. Strateji düşünmək bacarığından məhrum olmuş siyasətçinin fəaliyyəti əsasən qısamüddətli və situativ vəzifələrinin icrası ilə məhdudlaşır. Elə buna görə də müasir dövrdə tarixi nailiyyətlərə imza atmış görkəmli siyasətçilərinin sayı olduqca azdır.

Strateji düşüncə tərzinə sahib olan dövlət xadimi tənqidlərdən qorxmur, təsir altına düşmür, emosiyalara qapanmır, müəyyən etdiyi məqsədlərə sadiqdir, perspektiv planları gizlədir və dövlət quruculuğu prosesində məhz gələcək haqqında düşündüyü üçün əsasən gələcəyə hesablanmış addımları ilə seçilir. Təbiidir ki, bu cür siyasətçi ölkənin daxilində bütün rəqiblər üçün əlçatmaz olur, beynəlxalq münasibətlər sistemində isə əlverişsiz (rahat olmayan) tərəf müqabili kimi qarşılanır. Bu cür siyasətçi digər dövlətlərin strategiyalarını pozur və beynəlxalq münasibətlərin böyük oyunçularını təmsil etdiyi ölkənin maraqları ilə hesablaşmağa məcbur edir.

Qələbədən sonra Azərbaycan dövləti və xalqı öz tarixinin ən möhtəşəm dövrünü yaşayır.

Burada müstəqillik tariximizin cəmi bir neçə mərhələsini yada salaq: müstəqilliyin ilk illərində dövlətin fiziki mövcudluğunu qoruya bildik, dayanıqlı inkişafı mümkün edən sabitliyi təmin etdik, müstəqil millət kimi özümüzü dünyaya tanıtdırdıq, beynəlxalq iqtisadi bazarlara daxil olduq, milli-mədəni identikliyimizi qoruduq, “keçmiş sovet ölkəsi” damğasından qurtulduq və bərabərhüquqlu tərəfdaşa çevrildik, “Qalib ölkə” statusuna qədər inkişaf etdik, regionda yeni reallığın müəllifi olduq və tarixi çox keçmişlərə uzanan münaqişəyə son qoyduq, uzun onilliklər ərzində beynəlxalq münasibətlər sistemində mövcud daşlaşmış stereotipləri dağıtdıq, regionda dayanıqlı sülhü təmin etmək üçün “sülh modeli”ni gündəliyə gətirdik, böyük dövlətlərin mühüm etiraflarına nail olduq və s. Heç şübhəsiz ki, bu cür nailiyyətlərə müvəffəq olmuş dövlət rahat təsir altına düşməz, onun rəhbəri isə rəqib dövlətlər üçün əlverişsiz tərəf müqabili hesab olunacaq. Təbii ki, bizim coğrafiyamızda geosiyasi maraqları olan dövlətlər regionda müstəqil siyasət aparmaq gücündə olan Azərbaycanın mövcudluğunu rahat həzm edə bilməz.

Mövcud kontekstin inkişafında Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi önəmli fikri yada salaq: “Biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar. Biz, - İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, - sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik”. Əslində, Prezidentin “bunu bizə bağışlamayacaqlar” ifadəsi bu günlərdə şahid olduğumuz bəzi proseslərin əsl səbəblərinin üzərinə işıq salır.

Bu, eyni zamanda, ondan xəbər verir ki, bu gün yaşanan təxribatların mümkünlüyü hələ illər öncə Prezident tərəfindən ehtimal olunub. Dövlətimizin başçısının siyasi iradəsi və strateji düşüncəsi sayəsində bütün təxribatlar ram olunur. Dünya və regionda əsə biləcək bütün mümkün “küləklərə” rəğmən Prezident öz hədəf və siyasətinə sadiq qaldı. Ötən müddət ərzində biz dəfələrlə ona da şahidlik etdik ki, dövlətimizin başçısı strateji hədəfləri kamuflyaj etmək məcburiyyətində idi. Təsadüfi deyil ki, dünyada kifayət qədər tanınmış bir jurnalist və ictimai xadim öz müsahibələrinin birində qeyd etmişdir: “Prezident İlham Əliyev o nadir dövlət başçılarındandır ki, o öncə edir, sonra danışır”. Bu cür mükəmməl rəy bilavasitə Prezident İlham Əliyevin strateji düşüncəsinin təcəssümüdür.

“Odur ki, həqiqətə daha yaxın olmaq və yaşanan hadisələrin əsl sifarişçilərini tanımaq üçün “bunu bizə bağışlamayacaqlar” sözlərini deyəndə Prezident reallıqda kimləri və hansı qüvvələri nəzərdə tutduğunu müəyyən etməyə çalışaq? Əlbəttə ki, burada iki ünvan nəzərdə tutula bilər: 1) Azərbaycanın artan beynəlxalq nüfuzunu həzm edə bilməyən və bütün regionu təsir altında saxlamaq istəyən qüvvələr; 2) xarici qüvvələrin əllərində təxribat aləti kimi istifadə olunan xain ünsürlər. Hər iki ünvanın təxribat strategiyalarının hədəfləri eynidir: ölkənin beynəlxalq imici, dövlət başçısının şəxsi nüfuzu, qazanılan tarixi Qələbənin gözdən salınması, milli həmrəylin dağıdılması və etiraz mədəniyyətinin yayılması.

Məsələnin ağırlığını hiss etmək üçün qələbədən sonra mənfur qüvvələr tərəfindən ardıcıl şəkildə həyata keçirilən təxribatların əsas mövzularına diqqət yetirək: birgəyaşayışın, yəni sülhün mümkünsüzlüyü; Qələbənin legitimliyi ilə bağlı manipulyasiyalar; Azərbaycanın müstəqil siyasət aparmasına qarşı yönəlmiş təxribatlar (bu cür təxribatlar dövlətimizə məxsus olan mülkü təyyarənin vurulmasına qədər inkişaf etmişdir); Azərbaycanın beynəlxalq enerji bazarlarından sıxışdırıb çıxarılması; ölkəmizin beynəlxalq təşkilatlardan çıxarılması ilə bağlı açıq şantajlar; qonşu dövlətlər ilə yeni münaqişə ocaqlarının yaradılması ilə bağlı təhdidlər; Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qərəzli şəkildə müxtəlif sınaqlardan keçirilməsi; xain qüvvələr vasitəsilə ölkənin daxilində yaşanan həmrəylik mühitinin parçalanması (yada salaq ki, sözügedən vəzifə təqribən son 5-6 ilə qədər əsasən radikallıq azarına yoluxmuş siyasi partiyalar vasitəsilə icra olunurdu); ölkə rəhbərliyinin imici ilə bağlı mənfi ictimai rəyin formalaşmasına yönəlmiş təxribatlar (siyasi partiyaları təsir və manipulyasiya aləti kimi itirmiş xarici qüvvələr bu dəfə qeyd olunan məqsəd üçün sadəcə internet “xuliqan”larının köməyinə müraciət etdilər). Qeyd edək ki, sərt reaksiyaların olacağına və hadisələrin məhz emosional müstəvisinə keçəcəyinə hesablanmış son təxribatlar bilavasitə “kirli” siyasi texnologiyalarının dibidir.

Yaxın keçmişimizdə bütün bunlara şahidlik etdik. Ancaq doğma məmləkətimiz bu çirkli sınaqlardan uğurla çıxmağa müvəffəq olub. Məhz strateji düşüncə tərzi və bu düşüncə tərzinə aid olan keyfiyyətlər sayəsində bütün təxribatlar ram edilib. Xarici qüvvələrin yaramaz cəhdlərinə rəğmən Azərbaycan xalqı milli həmrəyliyi və birliyi qorumağa müvəffəq oldu. Bu birlik dövlətimizin sarsılmaz qalxanıdır və heç bir ucuz intriqa Qalib xalqın mövqeyini dəyişdirə bilməz: düşmənlərin bütün yaramaz cəhdlərinə rəğmən milli birlik, həmçinin xalq-iqtidar birliyi dövlətimizin daha böyük zirvələr fəth etməsinə səbəb olacaq.

Politoloq Asif Adil.

Digər xəbərlər