Azərbaycanın tarixində unudulması mümkün olmayan, bütövlükdə, xalqın qəlbində dərin iz salan elə hadisələr vardır ki, heç zaman xalqın qan yaddaşından silinmir. Ermənilərin törətdikləri Xocalı soyqırımı da belə dəhşətli hadisələrdəndir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları Xocalıda Azərbaycan xalqına qarşı tarixin ən qanlı soyqırımlarından birini törədib.
Xocalı soyqırımı təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə bəşər yaddaşının ən ağrılı və sarsıdıcı səhifələrindən biridir. 1992-ci ilin fevralında baş verən bu faciə, dinc əhaliyə qarşı yönəlmiş misli görünməmiş zorakılıq aktı kimi müasir dövrün ən dəhşətli humanitar cinayətlərindən biri olaraq tarixə həkk olunub.
Xocalı faciəsi dünyada törədilən bir çox soyqırımı hadisələrindən dəhşətli olsa da, bu hadisəyə uzun müddət hüquqi-siyasi qiymət verilməmişdir. Xocalı soyqırımından sonra həmin dövrdə Azərbaycana rəhbərlik edənlər bu faciəyə biganə münasibət göstərmiş, xalqımıza qarşı törədilən cinayəti ört-basdır etməyə çalışmışlar. Yalnız həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən Ümummilli Liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənləri və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ulu Öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixində başlayan, 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ilin sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu. Bununla da ölkə özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Ata vəsiyyəti 30 il sonra reallığa çevrildi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı”.
Soyqırımı şəhəri kimi yaddaşımızda qalan Xocalı indi yenidən dirçəlir. Prezident İlham Əliyev antiterror əməliyyatından dərhal sonra, ilk növbədə, Xocalının bərpa edilməsi ilə bağlı xüsusi tapşırıq verdi və tapşırıq uğurla yerinə yetirildi. Xocalı rayonunun inzibati mərkəzi olan Xocalı şəhərinin Baş Planı hazırlanaraq mühüm işlərin həyata keçirilməsinə başlanılıb. Ağdam-Xankəndi-Şuşa marşrutu üzərində yerləşən bu şəhər davamlı inkişaf edən canlı regional mərkəz, strateji yaşayış məntəqəsi rolunu oynayacaq. Hava limanının mövcudluğu, şəhər ətrafından keçəcək respublika əhəmiyyətli avtomobil və dəmir yolları Xocalını həm işgüzar, həm də turizm məqsədləri üçün rahat təyinat nöqtəsinə çevirəcək. Sənaye, təhsil və mədəniyyət mərkəzlərinə yaxınlığı, zəngin tarixi irsə malik olması isə şəhərin müxtəlif istiqamətlərdə paralel inkişafına töhfə verəcək.
Xocalı bu gün təkcə yaddaşın deyil qayıdışın və dirçəlişin simvoludur.
Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri