PDF Oxu

Siyasət

  • 1 968

Prezident "Kibercinayətkarlığa qarşı" Konvensiyanı təsdiqlədi: Bu sənəd necə faydalı olacaq? - TƏHLİL

image

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev BMT-nin Kibercinayətkarlığa qarşı “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi– Konvensiyası” sənədini imzalayıb.

Sənəd Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilib. Konvensiya Birləşmiş Millətlər Təşkilatının kibercinayətkarlıqla mübarizə üzrə ilk beynəlxalq hüquqi sənədidir.

Konvensiyanın məqsədi informasiya-kommunikasiya texnologiyaları vasitəsilə törədilən cinayətlərə qarşı bütün dövlətlər üçün ümumi standartlar və əməkdaşlıq mexanizmləri yaradılmasıdır.

Konvensiya çərçivəsində kibercinayətkarlıq sahəsində istifadə olunan anlayışların vahid şəkildə müəyyən edilməsi, elektron mühitdə sübutların itirilməsinin, dəyişdirilməsinin və ya məhv edilməsinin qarşısının alınması, habelə istintaq və təqib proseslərinin effektivliyinin təmin edilməsi əsas prinsiplər kimi çıxış edir. Sənəddə dövlətlərin səlahiyyətli orqanları arasında birbaşa və operativ əməkdaşlıq, qarşılıqlı hüquqi yardım mexanizmlərinin sadələşdirilməsi və fasiləsiz fəaliyyət göstərən əlaqə mexanizmlərinin yaradılmasına xüsusi əhəmiyyət verilir.

Konvensiyanın yekun müddəalarına uyğun olaraq sənəd dövlətlərin imzası, ratifikasiyası, qəbulu və ya təsdiqi üçün açıqdır və müvafiq daxili prosedurlar tamamlandıqdan sonra qüvvəyə minir. Eyni zamanda Konvensiya iştirakçı dövlətlərə onun müəyyən müddəaları üzrə bəyanatlar və qeyd-şərtlər vermək imkanı tanıyır.

Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya edərkən bir sıra mühüm bəyanatlar və qeyd-şərtlər təqdim edib. Həmin bəyanatlarla ekstradisiya və qarşılıqlı hüquqi yardım sahəsində Konvensiyanın hüquqi əsas kimi qəbul edilməsi, bu proseslər üzrə səlahiyyətli mərkəzi orqanların müəyyən edilməsi, habelə sorğuların təqdim edilməsi dili və operativ əlaqə mexanizmləri ilə bağlı mövqelər ifadə olunub. Qeyd-şərtlərlə isə Konvensiya çərçivəsində müəyyən edilmiş bəzi cinayət tərkibləri üzrə cinayət məsuliyyətinin yaranma şərtləri, əhəmiyyətli zərər meyarı və milli hüquq sisteminin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq dairəsi dəqiqləşdirilib.

Beləliklə, Konvensiya və ona dair Azərbaycan Respublikasının bəyanat və qeyd-şərtləri kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın hüquqi əsaslarını formalaşdırır və Konvensiyadan irəli gələn maddi və prosessual normaların milli hüquq sistemində tətbiqinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktlarda dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu dəyişikliklər Konvensiyanın müddəalarının, eləcə də Azərbaycan Respublikasının təqdim etdiyi bəyanat və qeyd-şərtlərin milli qanunvericilikdə implementasiyasına yönəlib.

Xatırladaq ki, Konvensiya 24 dekabr 2024-cü il tarixində BMT Baş Məclisi tərəfindən qəbul olunub və 2025-ci il oktyabr ayında Hanoy şəhərində dövlətlər tərəfindən imzalanması üçün açılıb. Konvensiyanı 40 ölkə ratifikasiya etdikdən sonra beynəlxalq səviyyədə qüvvəyə minəcək.

Ekspertlərin fikrincə, əsas məqsəd kimi kibercinayətkarlığa qarşı mübarizədə kiber fırıldaqçılıq , sosial platformalarda icazəsiz giriş, məlumat oğurluğu və s. kimi cinayətlərə qarşı ümumi cavab mexanizmlərinin yaradılması hədəflənir.

Beynəlxalq əməkdaşlıq kimi məlumat mübadiləsi, cinayətlərin birgə araşdırılması, elektron sübutların beynəlxalq səviyyədə paylaşılması kimi sahələrdə dövlətlərarası əməkdaşlığın əsaslarının gücləndirilməsi nəzərdə tutulur.

Bu Konvensiya, kiber cinayətlərlə mübarizə və ağır cinayətlər üzrə elektron sübutların sürətli mübadiləsi məqsədilə beynəlxalq əməkdaşlığı gücləndirmək üçün nəzərdə tutulmuş çoxtərəfli beynəlxalq sənəddir. BMT çərçivəsində hazırlanan bu mexanizm, dövlətlərin bir-birinə kiber məkan vasitəsilə törədilən cinayətlərdə sübutları təqdim etməsini sadələşdirir və daha səmərəli edir.

Əsas məqamlar aşağıdakılardır:

Məqsəd: İnformasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə edərək törədilən cinayətlərin (kiberkriminal) və həmçinin ağır cinayətlərin elektron sübutlarının sərhədlərarası ötürülməsini sürətləndirmək.

Əməkdaşlıq: Sübutların əldə edilməsi üçün dövlətlər arasında birbaşa və tez işləyən rəqəmsal əməkdaşlıq mexanizmlərinin qurulması.

Ağır Cinayətlər: Söhbət təkcə kiber cinayətlərdən deyil, həm də sübutları rəqəmsal formada olan ağır cinayətlərin (mütəşəkkil cinayətkarlıq, terrorizm və s.) araşdırılmasından gedir.

Kontekst: Bu cür konvensiyalar tez-tez Budapeşt Konvensiyasına (Avropa Şurası) əlavə və ya ona alternativ beynəlxalq BMT çərçivəli sənədlər kimi gündəmə gəlir.

Konvensiyanın əsas çətinliyi, sübutların sürətli mübadiləsi ilə dövlətlərin suverenliyi və məlumatların məxfiliyi (vətəndaşların şəxsi məlumatlarının qorunması) arasında balansı təmin etməkdir.

Texnologiyanın sürətli inkişafı, xüusən də İKT sahəsində sürətli dəyişikliklər ibercinayətkarlar üçün də böyük imkanlar yaradıb. Artıq informasiya kommunikasiya texnologiyalarının mahiyyəni anlamayan savadsız kütlələrin və bu sistemə bağlı cihazlarla təhciz olunması bu cinayətkarlara onları çox rahatlıqla aldadaraq həm maliyyə, həm də digər məsələlərdə ciddi zərər vurmağa imkan verir. Nəticədə milyardla vəsait dələduzluq və kiber fırıldaq vasitəsilə mənimsənilir, insanların şəxsi məlumatları oğurlanır, dövlət sirrlərini belə ələ keçirməyə müvəffəq olurlar. Bir sözlə burada həm dövlətlər, həm vətəndaşlar zərər çəkir. Buna görə də bu Konvensiyanın qəbulu və orada qeyd olunan sahələrdə ölkələrin əməkdaşlığı son dərəcə vacibdir.

Son vaxtlar dünyada kiberhücumlar daha geniş vüsət alıb. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı bildirmişdi ki, "Biz beynəlxalq tərəfdaşlarla, bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya bilək, müdafiə edə bilək".

Göründüyü kimi, qlobal kibertəhlükəsizlik vəziyyəti gərgindir. Azərbaycan da bunu nəzərə alaraq bu sahədə öz mövqeyini ortaya qoyub və Konvevensiyanı imzalayıb. Şübhə yoxdur ki, bu sənədin qəbulu bu sahədə vəziyyətin yaxşılaşmasına səbəb olacaq.

Elçin Bayramlı

Digər xəbərlər