PDF Oxu

Siyasət

  • 726

XOCALI FACİƏSİ YADDAŞIMIZDA! ŞƏRH

image

Azərbaycan xalqının tarixində elə hadisələr vardır ki, onlar təkcə bir günün deyil, bütöv bir millətin yaddaşına və taleyinə çevrilmişdir. Xocalı faciəsi xalqımızın yaşadığı ən ağır və dəhşətli faciələrdən biri olmaqla yanaşı, insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biri kimi tarixə düşmüşdür. 1992-ci il fevralın 26-da Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik aktı həyata keçirilmişdir. Qadınlar, uşaqlar, qocalar və günahsız insanlar yalnız azərbaycanlı olduqlarına görə xüsusi amansızlıqla qətlə yetirilmiş, yüzlərlə insan yaralanmış, əsir və girov götürülmüşdür. Bu faciə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olmaqla yanaşı, insanlığa qarşı törədilmiş ağır cinayət kimi dünya tarixində öz yerini tutmuşdur.

Xocalı faciəsi uzun illər Azərbaycan xalqının qəlbində sağalmayan yara kimi yaşamışdır. Bu hadisə təkcə bir şəhərin deyil, bütöv bir millətin faciəsinə çevrilmişdir. Azərbaycan dövləti və xalqı Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmiş, bu dəhşətli hadisənin unudulmaması üçün sistemli iş aparmışdır.
Bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı soyqırımı haqqında” qərarın qəbul edilməsi bu faciənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addım olmuşdur. Heydər Əliyev Xocalı hadisələrini Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı siyasətinin tərkib hissəsi kimi qiymətləndirərək, bu həqiqətlərin beynəlxalq təşkilatlara çatdırılmasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirmişdir. Onun müəyyən etdiyi strateji siyasi kurs nəticəsində Xocalı həqiqətlərinin dünya miqyasında tanıdılması üçün möhkəm hüquqi və siyasi baza formalaşdırılmışdır.
Ulu Öndərin əsasını qoyduğu bu siyasi xətt bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz beynəlxalq platformalarda Xocalı həqiqətlərinin tanıdılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə mühüm rol oynayır və dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi haqqında məlumatlılığın artırılmasına xidmət edir.

2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmışdır. Bu Zəfər nəticəsində uzun illər işğal altında qalan torpaqlarımız azad edilmiş, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdur. Bu qələbə şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin şücaəti və xalq–ordu–lider birliyinin parlaq nümunəsi olmuşdur.
Bu gün azad olunmuş ərazilərdə, o cümlədən Xocalıda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Yeni yaşayış evləri tikilir, yollar çəkilir, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa olunur. Müasir infrastruktur yaradılır, regionların sosial-iqtisadi inkişafı təmin edilir.
Azərbaycan Respublikasının həyata keçirdiyi Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir. Uzun illər həsrətində olduqları yurd yerlərinə qovuşan insanlar bu torpaqlarda yenidən həyat qurur, doğma ocaqlarını bərpa edirlər. Bu qayıdış yalnız fiziki deyil, həm də mənəvi qayıdışdır. Bu, şəhidlərimizin ruhuna ehtiramın, xalqımızın milli birliyinin və dövlətimizin gücünün bariz ifadəsidir.

Bu gün Xocalı artıq təkcə faciə ilə deyil, həm də dirçəlişin, ümidin və gələcəyin rəmzi kimi anılır. Bu torpaqlarda həyat yenidən canlanır, Azərbaycan bayrağı əbədi olaraq dalğalanır.Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsi daim xalqımızın qəlbində yaşayacaqdır. Onların xatirəsini yaşatmaq, həqiqətləri gələcək nəsillərə çatdırmaq və azad olunmuş torpaqlarımızı daha da inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə möhkəm can sağlığı versin.
Xocalı bizim yaddaşımızdır. Xocalı bizim qürurumuzdur. Xocalı bizim qayıdışımızdır.

Vaqif Abdullayev

YAP Culfa rayon Yaycı kənd ərazi partiya təşkilatının sədri

Digər xəbərlər