Fevralın 25-dən 26-na keçən o dondurucu qış gecəsi Xocalı üçün tarixin ən uzun və ən qanlı gecəsi oldu. Axşam saat 23:00 radələrində Xankəndi tərəfdən gələn ağır texnika və 366-cı motoatıcı alayın zirehli maşınları şəhəri mühasirəyə alaraq hər tərəfdən aramsız atəşə tutmağa başladı. Qarlı meşə yolları ilə ayaqyalın, nazik geyimdə qaçmağa çalışan qocalar, qadınlar və uşaqlar dözülməz şaxta ilə yanaşı, həm də erməni yaraqlılarının pusqusu ilə qarşılaşdılar. Səhər açıldığında mənzərə dəhşətli idi: qarın üzəri qırmızı rəngə boyanmış, meşə yolları yüzlərlə parçalanmış cəsədlə dolmuşdu. 613 nəfər məhz azərbaycanlı olduqları üçün həmin gecə vəhşicəsinə qətlə yetirildi. 1275 nəfər əsir götürülərək Xankəndinə aparıldı. Onlardan bir çoxunun taleyi bu gün də naməlum qalmaqdadır. Fiziki və psixoloji fəsadlar isə kütləvi xarakter daşıyırdı. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq şikəst oldu ki, onlardan 76-sı hələ yetkinlik yaşına çatmamış uşaqlar idi. Bu rəqəmlər sadəcə statistika deyil, bəşəriyyətə qarşı törədilmiş amansız bir cinayətin sübutlarıdır.
Xocalı faciəsi onilliklər boyu Azərbaycan xalqının qəlbində sağalmayan bir yara və beynəlxalq aləmdən tələb etdiyimiz bir ədalət harayı olaraq qaldı. Uzun illər ərzində "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində aparılan diplomatik mübarizə bu qətliamın bir çox ölkə və beynəlxalq təşkilat tərəfindən rəsmən soyqırım kimi tanınmasına nail oldu. Prezident İlham Əliyev bütün beynəlxalq tribunalardan - BMT-dən tutmuş ən nüfuzlu zirvə toplantılarına qədər - Xocalı həqiqətlərini dünyaya çatdırdı. Heydər Əliyev Fondunun dəstəyi və Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət!" kampaniyası sayəsində 17 dövlət və ABŞ-ın 20-dən çox ştatı bu hadisəni soyqırım kimi tanıdı.
Lakin ən böyük ədalət 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən Müharibəsi ilə bərqərar olundu. Azərbaycan ordusunun qazandığı tarixi qələbə nəticəsində Xocalı şəhəri tamamilə işğaldan azad edildi.
Bu gün Xocalı artıq kədərli bir xatirənin simvolu deyil, dirçələn və yenidən qurulan bir yurd yeridir. Prezident İlham Əliyevin tapşırığı ilə Xocalı şəhərində genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi. Otuz illik işğal dövründə xarabalığa çevrilən şəhər artıq müasir bir yaşayış mərkəzinə çevrilib. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində ailələr artıq doğma Xocalıya köçürülüb. Bu, düşmənə ən böyük cavabdır: Xocalı ölməyib, o yaşayır və yenidən gülür.
Xocalı soyqırımında birbaşa iştirak etmiş, əli dinc sakinlərin qanına batmış bir çox hərbi cinayətkar və separatçı rejim rəhbərləri Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Bakıya gətirildi. İlham Əliyevin prinsipial mövqeyi sayəsində bu şəxslər hazırda Azərbaycan məhkəmələri qarşısında cavab verirlər. Bu, illərdir ədalət gözləyən Xocalı sakinləri üçün ən böyük mənəvi təsəlli oldu.
İlham Əliyevin dediyi kimi, "Biz intiqamımızı döyüş meydanında aldıq". Azərbaycan Xocalının intiqamını həm hərbi, həm də hüquqi müstəvidə tam olaraq aldı. Bu gün Xocalıda Azərbaycan bayrağı dalğalanır, şəhidlərin ruhu şaddır, çünki onların qatilləri həbsdə, yurdları isə azaddır.
Türkanə Kərimova
YAP Babək rayon təşkilatının əməkdaşı